Əsas səhifə » Piri Rəis kimdir?

Piri Rəis kimdir?

admin

Bakı, AzerPress:

Dünya xəritələri və dənizçilik kitabı ilə tanınan Piri Rəisin dəqiq doğum tarixi bəlli deyil, lakin onun 1465-1470-ci illər arasında Geliboluda doğulduğu təxmin edilir. Onun əsl adı Muhiddin Piridir.

O, ilk dəniz səfərini Aralıq dənizinə məşhur Osmanlı dənizçisi və əmisi Kamal Rəislə birlikdə edib. Piri Rəis daha sonra 1487-ci ildə İspaniyadakı müsəlmanlara kömək üçün gedib.

O, 1491-1493-cü illərdə Siciliya, Sardiniya, Korsika adalarına və Cənubi Fransa sahillərinə basqınlarda iştirak edib. Piri Rəis 1499-1502-ci illərdə Osmanlı-Venesiya müharibəsində döyüş gəmisində Osmanlı kapitanı kimi xidmət edib.

banner

1511-ci ildə Kamal Rəis vəfat etdikdən sonra Geliboluya çəkilməli olur və Kitab-ı Bahriye (Dəniz kitabı) üzərində işləməyə başlayır. O, 1513-cü ildə dünya xəritəsini tamamlayır və bir müddət kapitan kimi fəaliyyət göstərir.

Piri Rəis dünya xəritəsini çəkdikdən sonra 1516-cı ildə Misir yürüşündə Osmanlı donanmasında kapitan kimi döyüşüb.

Piri Rəis 1517-ci ildə çəkdiyi ilk xəritəni Sultan I Səlimə (Yavuz) təqdim edib.

O, 1521-ci ildə Kitab-ı Bahriyeni tamamlayır və 1522-ci ildə Rodosa səfər edir.

Piris Rəis 1524-cü ildə Osmanlı vəziri İbrahim paşanı Misirə aparan gəmiyə rəhbərlik edib. Bu zaman Kitab-ı Bahriye İbrahim paşanın diqqətini çəkir. Piri Rəis 1525-ci ildə kitabını, 1528-ci ildə çəkdiyi ikinci xəritəsini İbrahim paşa vasitəsilə Sultan I Süleymana təqdim edir.

O, öz kitabında Ege və Aralıq dənizi adalarında təcrübələrini bölüşür, Portuqalların dənizçilik sahəsindəki kəşfləri, Çin dənizi, Hind okeanı, Fars körfəzi, Atlantik okeanı barədə ətraflı məlumat verir.

1513-cü ildə çəkdiyi ilk xəritədə Xristofor Kolumbun 1498-ci ildə çəkdiyi Amerika xəritəsindən, Portuqaliya və Ərəb xəritələrindən istifadə etdiyini bildirir. Qalan hissə isə Avropa və Afrikanın qərb sahillərini, Atlantik Okeanını, Antil adalarını, Mərkəzi və Cənubi Amerikanı əhatə edir.

Onun 1528-ci ildə tərtib etdiyi ikinci xəritəsindən günümüzə sadəcə bir parça gəlib çatıb. Həmin hissə Atlantik okeanının şimalını, şimali və mərkəzi Amerikanın yeni kəşf edilmiş sahil xətlərini və Qrenlandiyadan Floridaya qədər olan sahil xəttini əhatə edir.

Piri Rəis 1553-cü ildə Qahirədə vəfat edib.

Ləman Əsədli

lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice