Əsas səhifə » Mark Rutte kimdir?

Mark Rutte kimdir?

Yamin Savalanli

Bakı, VOA

Mark Rutte 14 fevral 1967-ci ildə Hollandiyanın Haaqa (Lahey) şəhərində anadan olub. O, yeddi uşaqlı bir ailənin ən kiçik üzvü olub.

Rutte 1979-1985-ci illərdə incəsənət sahəsi üzrə ixtisaslaşmış bir məktəbdə oxuyub. Konservatoriyada oxuyub pianoçu olsa da, 1992-ci ildə Leiden Universitetində tarix fakültəsində təhsil almağa başlayıb və orada magistratura pilləsində davam edib.

Mark Rutte təhsil illərində həmçinin 1988-1991-ci illərdə sədrlik etdiyi VVD-nin gənclər təşkilatı olan Azadlıq və Demokratiya Gənclər Təşkilatının idarə heyətində vəzifəsində çalışıb. O 1988-1991-ci illərdə JOVD Liberal Gənclər Təşkilatının üzvü, 1993-1997-ci illərdə isə partiyanın İdarə Heyətinin üzvü olub.

banner

Rutte, siyasi karyerasına hələ 2002-ci ildə başlayıb. O, 2002-ci il ümumi seçkiləri üçün VVD-nin namizədlər komitəsinin üzvü kimi fəaliyyət göstərib. Daha sonra o, Sosial Məsələlər və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib, burada Rutte sosial təminat, maliyyə yardımı və iş şəraitinə cavabdeh olub. Hökumət istefa verəndən sonra 2003-cü ildə Milli Məclisin deputatı seçilib, sonra yenidən bu vəzifəyə təyin olunub.

O, 14 oktyabr 2010-cu ildən Hollandiyanın Baş naziridir. O, Hollandiyanın ən uzunmüddətli baş naziri sayılır. 2010-cu il oktyabrın 8-də ona yeni hökuməti qurmaq tapşırılmışdı. O, 2006-cı ildən Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (Volkspartij voor Vrijheid en Democratie, VVD) liderlik edir. O həmçinin, 2006-2010-cu illərdə parlamentdə qrup sədri vəzifəsində çalışıb.

O, 14 oktyabr 2010-cu ildə and içərək 92 ildən sonra Hollandiyanın ilk liberal baş naziri oldu.

Rutteni qısa şəkildə tanıdası olsaq o bir pianoçu, tarixçi, siyasi partiye lideri, Hollandiyanın baş naziri, Tramp və Ərdoğanla yaxşı yola gedən və sonda NATO-nun rəhbəri kimi bir çox ünvana sahib şəxsdir. 

O Macarıstanın baş naziri Viktor Orbandan sonra Avropa İttifaqında (Aİ) baş nazir kürsüsündə ən uzun ömür sürən lider olub. Siyasi böhranlardan uğurla çıxmağı bacardığı üçün ölkəsində “Teflon Mark” olaraq adlandırılır.

Baş nazir olduğu müddətdə uşaq baxımı ilə bağlı skandallara və Qroningendə təbii qaz kəşfiyyatı fəaliyyətlərinə baxmayaraq, Rutte öz mövqeyini qoruyub saxlaya bilmişdi.

Rutteni böhran anlarında məsuliyyət daşımadığına görə tənqid edən siyasətçilər “Problemlərlə Rutte arasında həmişə məsuliyyəti öz üzərinə götürən başqası olur” sözləri ilə ona təsvir edir.

Onun kabinetində xidmət edən siyasətçilər Rutteni “sakit”, “tez hirslənməyən”, “öhdəliklərinə yaxşı hazırlaşan” və “özünü yaxşı reklam edən” şəxsiyyət kimi təsvir edirlər.

2018-ci ildə ABŞ-a səfəri zamanı o vaxtkı prezident Trampın sözünü kəsərək “yox” deməsi ilə yadda qalan Ruttenin yeni dövrdə Trampın qərarlarının təsirlərini yaxşı idarə edə biləcəyi iddia edilir.

2017-ci ildə Hollandiyada keçirilən ümumi seçkilərin nəticələrinə görə, heç bir partiya təkbaşına hökumət qurmaq üçün çoxluğa çata bilməyib. Uzun danışıqlardan sonra Mark Ruttenin rəhbərliyində Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD), Xristian Demokrat İttifaqı (CDA), Demokratlar 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət dörd partiyalı koalisiya hökuməti 26 oktyabr 2017-ci ildə vəzifəyə başladı.

Təxminən bir il əvvəl Mark Rutte 2023-cü ilin iyul ayının əvvəlində “Siyasətdən çəkilirəm” açıqlaması ilə 13 ildir ki icra etdiyi Hollandiyanın baş naziri postunu tərk edəcəyini bildirmişdi. Lakin siyasətdə baş verən dəyişikliklər onu məcbur etdi ki, vəzifəsinə bir müddət də davam etsin. 

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Mark Rutte və Niderland hökuməti ardıcıl olaraq Kiyevi dəstəkləyiblər. Qeyd edək ki, 2023-cü ilin yanvarında Mark Rutte 1-ci dərəcəli Şahzadə Yaroslav Müdrik ordeni ilə təltif edilib – dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə mühüm töhfəyə görə.

Qərb dairələrində “çətin, lakin lazımlı həmsöhbət” kimi qəbul edilən prezident Rəcəb Tayyib Ərdoğanla Mark Ruttenin dialoqu da yaxşıdır. Əslində, Ərdoğan Ruttenin öz cibindən ödədiyi bilet pulu ilə aprel ayında şəxsən ziyarət etdiyi və baş katiblik üçün onlardan dəstək istədiyi liderlər arasındadır.

Səfər zamanı Rutte Ərdoğanı “mənim dostum” adlandırıb, “NATO-nun cənub qanadının Türkiyəyə və onun rəhbərliyinə ehtiyacı olduğunu” vurğulayıb və Ankaranı “bölgəsində və geosiyasi baxımdan nüfuzu olan bir tərəf” kimi xarakterizə edib. Bu səfərdən sonra Ankara rəsmi olaraq Türkiyənin Ruttenin namizədliyini dəstəklədiyini və bu dəstəyin Brüsselə bildirildiyini açıqlamışdı.

Bu arada Ruttenin Ərdoğanla dialoqu həmişə asan olmayıb. Xüsusilə 2017-ci ildə Hollandiya-Türkiyə münasibətləri ağır böhrana şahid olmuşdu.

57 yaşlı Mark Rutte bir neçə gün öncə NATO-nun baş katibi postuna seçilib. 

Bu posta müraciət edən təkcə Rutte olmamışdı. Oxşar niyyətləri Latviyanın xarici işlər naziri Krisyanis Karins, Estoniyanın baş naziri Kaja Kallas, habelə Rumıniya prezidenti Klaus İohannis də bəyan etmişdi.

Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə təyin olunması üçün hazırda  Alyansa üzv olan 32 ölkənin hamısının razılığı tələb olunurdu. Apreldə o, 28 ölkədən dəstək almışdı – Slovakiya, Rumıniya, Türkiyə və Macarıstan ilə bağlı şübhələr işə qalırdı. Lakin Rutte ilə görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın baş nazirinin namizədliyini dəstəkləmişdi.

57 yaşlı Rutte subaydır və övladı yoxdur. O, Hollandiya protestant kilsəsinin üzvüdür. Rutte baş nazir kimi cümə axşamı səhərləri Haaqadakı orta məktəb olan Johan de Witt Kollecində sosial elmlər dərsi deyirdi. O Saab 9-3 markalı avtomobil idarə edir. 2024-cü ildən etibarən o, bir neçə onilliklər ərzindədir ki, Haaqa məhəlləsi olan Benoordenhoutdakı bir mənzildə yaşayır.

Ruttenin karyerasını kısa şəkildə xülasəsi:

1992-1997 – Unileverdə insan resursları meneceri, kadr hazırlığı və bir sıra yenidən təşkilatlanmalara cavabdehdir

1997-2002 – Unilever-in bir qolu sayılan Van den Bergh Nederlandda (Calvé) kadr meneceri və yenidən təşkilin rəhbəri

2002 – Unilever-in törəmə şirkəti olan IGLOMora Group BV-də insan resursları direktoru

22 iyul 2002 – 17 iyun 2004 – Birinci və ikinci Balkenende hökumətlərində Sosial Məsələlər və Məşğulluq üzrə Dövlət Katibi

30 yanvar 2003 – 27 may 2003 – VVD-nin Nümayəndələr Palatasının üzvü

17 iyun 2004 – 27 iyun 2006 – İkinci Balkenende hökumətində Təhsil, Mədəniyyət və Elm üzrə Dövlət Katibi

29 iyun 2006 – 8 oktyabr 2010 – VVD partiyasının lideri

14 oktyabr 2010 – 5 noyabr 2012 – Rutte-Verhagen hökumətində baş nazir və ümumi işlər naziri

5 noyabr 2012 – 26 oktyabr 2017 – Rutte-Asscher hökumətində baş nazir və ümumi işlər naziri

26 oktyabr 2017 – 10 yanvar 2022 – Üçüncü Rutte hökumətində baş nazir və ümumi işlər naziri

10 yanvar 2022-ci il – Dördüncü Rutte hökumətində baş nazir və ümumi işlər naziri

Digər Kateqoriyalar

2023 © AzerVoice