Əsas səhifə » Mustafa Akkad kimdir?

Mustafa Akkad kimdir?

admin

Bakı, AzerVoice

Suriya əsilli amerikalı kinorejissor və prodüsser Mustafa Akkad, İslam dünyası Ömər Muxtarın həyatından bəhs edən “Səhra Aslanı” (1981-ci il) və “Risalə” (1976-cı il) filmləri ilə tanınıb. Bununla yanaşı, Mustafa Akkad onlarla filmin rejissoru olub.
İyulun birində, Suriyanın Hələb şəhərində doğulan Mustafa Akkad, qızı Rima Akkad ilə 2005-ci ildə, İordaniyanın paytaxtı Amman şəhərində terrorçu komikadze tərəfindən törədilən terror aktı zamanı öldürülüb.

Mustafa ABŞ-a, Los-Ancelesdəki Kaliforniya Universitetində (UCLA) kinorejissorluq və film istehsalı üzrə təhsil almaq üçün getdiyi zaman, üzərində 200 ABŞ dolları və Qurani-Kərim var idi. Akkad magistr dərəcəsini Cənubi Kaliforniya Universitetində (USC) alıb və burada rejissor Sem Pekkinpa ilə tanış olub. Bu tanışlıq onun həyatını dəyişib. Belə ki, Pekkinpa Hollivudda Akkadın müəllimi olub və onu Əlcəzair inqilabı haqqında böyük ekranlara çıxa bilməyən bir film üçün məsləhətçi kimi işə götürüb.

Pekkinpa, Mustafa iş tapana qədər ona kömək etməyə davam edib. 

Daha sonra Akkad CBS telekanalında prodüser olaraq çalışmağa başlayıb. 1976-cı ildə Akkad Anthony Quinn və Irene Papasın rol aldığı “Risalə” filmini çəkib. Hələ də sevilərək izlənilən bu filmin çəkilişi üçün o, İslam din xadimləri ilə məsləhətləşib.

O, öz xatirələrində qeyd edirdi ki, məsləhətləşmələrin əsas məqsədi İslam dininə və onun Məhəmməd peyğəmbərin obrazı ilə bağlı baxışlarına hörmətlə yanaşmağa çalışması idi, çünki kiçik bir səhv hər şeyi məhv edə bilərdi.

Filmin çəkilişi üçün o, Misirdəki Əl-Əzhər universitetindən razılıq alıb, lakin bu razılıq Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Müsəlman Dünya Liqası tərəfindən rədd edilib. Küveyt, Liviya və Mərakeş hökumətləri filmə maliyyə dəstəyi vəd ediblər, lakin Müsəlman Dünya Liqası filmi rədd etdikdən sonra Küveyt, filmi maliyyələşdirməkdən geri çəkilib.
Bütün bunlara baxmayaraq, Mərakeş kralı II Həsən filmin çəkilişində Akkada hərtərəfli dəstək verib.
“Risalə” filminin çəkilişi bir il çəkib. Çəkilişlər altı ay Mərakeşdə aparılıb, lakin Səudiyyə Ərəbistanı hökumətinin Mərakeşə göstərdiyi təzyiqlərə görə, Akkad filmin çəkilişini dayandırmaq məcburiyyətində qalıb.

banner

Mustafa Akkad layihəni başa çatdırmaq üçün Liviya lideri Qəddafinin yanına gedib. Qəddafi ona Liviyada qalan 6 aylıq çəkilişləri tamamlamağa icazə verib. Akkad 1976-cı ildə verdiyi müsahibədə: – Filmi Qərb və İslam dünyası arasındakı uçurumu aradan qaldırmağın bir yolu olaraq gördüyünü deyirdi.

“Bu filmi çəkdim, mən bu filmə öz övladım və şəxsi işim kimi yanaşdım. Filmin öz hekayəsi, tarixi var. Qərbdə yaşayan bir müsəlman olaraq islam haqqında həqiqətləri söyləmək mənim borcumdur”.

Akkad öz xatirələrində yazırdı:

– Mən anaların yalan danışmadığını düşünürdüm, amma anamın mənə səkkiz dəfə yalan danışmasından sonra səhv düşündüyümü anladım!
Hekayə mən doğulanda başlayır. Çox kasıb bir ailənin tək oğlu idim. Yeməyimiz çatmırdı. Aclığımızı aradan qaldırmaq üçün bir az düyü gətirəndə anam payını mənə verərdi, düyünü boşqabından mənimkinə tökərkən deyirdi: – “Oğlum, bunu ye, mən ac deyiləm”.

Bu onun ilk yalanı idi.

– Bir az böyümüşdüm. Anam evimizin yanındakı kiçik çaya balıq tutmağa gedir, aclığımı aradan qaldırmaq üçün mənə bir balıq olsa belə gətirərdi və bir dəfə iki balıq tuta bildi. Balıqları bişirib qarşıma qoydu və mən yedikdən sonra, sümüklərdə qalan əti anam yeməyə başladı. Balığın birini anama verdim o dərhal balığı qabağıma itələyərək: – “Sən ye, oğlum. Bilmirsən ki, mən balığı sevmirəm”,- dedi.

Bu anamın ikinci yalanı idi.

– Böyüyəndə məktəbə getdim və təhsil almağa pulumuz çatmırdı. Anam bazara gedərək, geyim mağazasının sahibi ilə mağazaya gələn qadın paltarlarını qapı-qapı gəzərək satmaq haqqında razılığa gəldi. Yağışlı və soyuq qış gecəsi idi. Bu dəfə anam həmişəkindən daha gec gəldiyi üçün onu axtarmağa çıxdım. Anamı evimizə yaxın bir evin qapısında qadınlara qış paltarı satarkən gördüm və ona: “Ana, hava soyuqdur, həm də yorğunsan, evə gedək”, – dedim. Cavabında: “Oğlum, mən heç yorulmuram, həm də üşümürəm”, – dedi.

Bu onun üçüncü yalanı idi.

– Dərs ilinin sonunda – isti bir yay günündə keçirilən imtahana anam təkidlə mənimlə getdi. İmtahana girdim, o isə günəşin qızmar istisində mənim çıxmağımı gözləyirdi. İmtahana girmədən əvvəl əlimdə bir şüşə su var idi və bu su yalnız bir adamın içəcəyi qədər idi. Bir qədər sudan içdikdən sonra anamın alnındakı tər dənəciklərini gördüm və “Ana, bu suyu iç” – dedim.

Cavabında, gözlərimin içinə baxaraq: “Oğlum mən susamamışam”, – dedi və bu onun dördüncü yalanı idi.

– Atamın ölümündən sonra evin məsuliyyəti də onun üzərinə düşdüyündən həyat daha da mürəkkəbləşdi və aclıqdan əziyyət çəkməyə başladıq. Gənc olmasına baxmayaraq ona edilən bütün evlilik təkliflərini rədd edərək – “Mənə sevgi lazım deyil”, – dedi.

Bu onun beşinci yalanı idi.

– Universitet təhsilimi bitirdikdən sonra kifayət qədər yaxşı bir işə düzəldim və düşündüm ki, artıq anamın dincəlmə vaxtıdır. Anam bazarda, kiçik piştaxtada tərəvəz satırdı. Onun işdən ayrılması üçün pulumun bir hissəsini ona verdim, cavabında isə onun altıncı yalanını eşitdim – “Oğlum, pulunu özünə saxla, mənə çatacaq qədər pulum var”.

– İşimlə yanaşı, magistr dərəcəsi almaq üçün təhsilimi davam etdirdim və həqiqətən də uğur qazandım, maaşım artdı, işlədiyim alman şirkəti mənə Almaniyadakı əsas filialında işləmək imkanı verdi. Mən yeni başlanğıc və xoşbəxt həyat xəyalları qurmağa başladım. Səyahət edib şərait hazırladıqdan sonra anama zəng etdim ki, gəlib yanımda qalsın, amma o, bunu etmək istəmədi və dedi: “Oğlum! Mən dəbdəbəli yaşamağa öyrəşməmişəm”.

Bu onun yeddinci yalanı idi.

Anam qocaldı, xərçəng xəstəliyinə tutuldu, mən onun xəstəliyində yanında olmalıydım. Evimizə – onun yanına getdim. Əməliyyatdan sonra onu yataq xəstəsi gördüm, məni görəndə anam üzümə gülümsəməyə çalışdı. Lakin o, artıq mənim tanıdığım ana deyildi, çox zəif və aciz olduğu üçün ürəyim yandı. Qəhərləndim, ağladım, amma anam mənə təsəlli verməyə çalışdı – “Ağlama, oğlum, mən ağrı hiss etmirəm”, – dedi və gözlərini əbədi olaraq yumdu.
Bu onun səkkizinci yalanı idi.

Ölümü
Mustafa Akkad və onun 34 yaşlı qızı Rima Akkad 2005-ci il noyabrın 9-da İordaniyanın paytaxtı Əmmanda baş verən terror aktı zamanı həlak olublar. Əl-Qaidə tərəfindən göndərilən terrorçu kamikadze, partlayıcı qurğunu işə saldığı zaman, Akkad və qızı Rima Grand Hyatt-ın foyesində olublar. Partlayış nəticəsində, Rima dərhal dünyasını dəyişib, Akkad isə aldığı xəsarətlərdən iki gün sonra xəstəxanada dünyasını dəyişib.

Digər Kateqoriyalar

2023 © AzerVoice