Əsas səhifə » İslam dünyasının böyük ədibi kimdir?

İslam dünyasının böyük ədibi kimdir?

Hafiz Rufizoglu

Bakı,AzerPress

Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir.

Mövlana Cəlaləddin Rumi (“Rumi” ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu “Diyari Rum” adlanırdı) yerləşib orada yaşadığı üçün, “Ağa” mənasına gələn “Mövlana” ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.

banner

Müsəlman dünyasının çox sayda alimi Mövlana Cəlaləddin Ruminin (1207-1273) İslam tarixinin böyük ədibi olmağında həmfikirdir. Mövlana yalnız bir ədib deyildir. Aryanpur onu “uca sufi” adlandırır, Şimel isə onu “ehtiraslı aşiq” kimi qiymətləndirir. İdris Şah onu “təsəvvüf ustadlarının ən üst mərtəbəsində” görür, hətta sərt tənqidi fikirləri ilə məşhur olan Samuel Conson onun haqqında bu ifadələri işlədir: “Vəhdət səyahətindəki sirlərini ortaya çıxarmış, əzəli və əbədi həqiqət yolunun əsrarını ifşa etmişdir”. İdris Şah Mövlananın əsərlərinin yüz il içində dünyanın ən uzaq nöqtələrində belə tanındığını bildirir. Çoser də əsərlərində bu məsələlərə toxunmuşdur. Mövlananın “Məsnəvi”si “təsəvvüfün qazandığı ən böyük uğur”dur.

Bir digər cəhətdən də Mövlana diqqətəlayiqdir. Əsərlərində sevgini, həyatın və dünyanın möcüzələrini, xüsusilə də güllərin açıldığı baharı, ney səsini, gün işığını və qəlbin yüksəklərə, çox yüksəklərə layiq olduğunu ifadə edir. Sözün əsl mənasında bütün dünya ilə, xüsusilə də bəşər övladı və onun davranışı ilə yaxından maraqlanmışdır. Mövlana dünya haqqında çox düşünmüş, o günə qədər kəşf edilməmiş və deyilməmiş fikirlər söyləmişdir. Mövlana Cəlaləddin Rumi daha çox Mövlana (Sahibimiz mənasındadır) kimi tanınır. Bütünlüklə bir xalqın və böyük bir mədəniyyətin monqollar tərəfindən yox edildiyi dövrdə yaşamışdır. Buna baxmayaraq, Quran və İslamı yaxşı öyrənərək atası Bəhaəddin Vələd, Xəllac, Sənai və Əttar kimi böyük alimlərin əsərlərini oxuyaraq, müsəlman dünyasını gəzib təcrübə qazanmışdır. Ailəsi monqol işğalları zamanı Bəlxdən köçmüşdür. Mövlananın ailəsi Nişapur, Bağdad və Məkkəyə səyahət etmiş, həccdən sonra Dəməşqə getmiş- dir. Nəhayət, Türkiyədə Konyada məskunlaşmışdır.

Mövlana daha sonra həyatında çox böyük iz qoymuş Şəmsi Təbrizi ilə qarşılaşmışdır. Şəmsi Təbrizinin davra- nışlarını Konya xalqı qəribə, hətta bəzən mənfi qəbul edirdi. Təbrizi Mövlananın hələ vaqif olmadığı, kainatın gizli tərəflərini göstərmiş, adi dünyanın çox fövqündəki mənəvi mərtəbələrə çatmasını təmin etmişdir. Mövlana müəlliminə yazdığı uzun mədhiyyəsində açıq şəkildə Şəmsi Təbrizidən ilham aldığını bildirmişdir. Xocsona görə, Mövlana Şəmsi Təbriziyə olan bağlılığında “Tanrıya qarşı məhəbbətinin bir nümunəsini, həyatın mənasını tapdığı o əbədi gözəlliyə qarşı məsuliyyətindəki öz payını kəşf etmişdir”.

Mövlananın ən zəngin və oxunan əsəri “Məsnəvi”dir. Onun zəngin və güclü bir təsvir qabiliyyəti vardır. “Məs- nəvi”də sudakı qamışın səsinə oxşar bir ritm mövcuddur; əsər boyunca asta asta axan bir dərənin ritmi hakimdir. Hər biri dərin mənalar ehtiva edən iç-içə hekayələrdən ibarətdir. Xocson Mövlana yaradıcılığını üç mərhələli bir metod adlandırır: “hekayə, əxlaq və metafizika”. Mövlana bir şair, hekayəçi, tərbiyəçi və filosofdur. Onun əsərlərini oxumaq İslamı, Quranı, sonsuz fərqlilikləri ilə dünyanı və insan davranışlarını öyrənmək deməkdir.

Mövlananın insanları tanıma qabiliyyəti hekayələrində açıq-aydın görünür. Tələbələrin müəllimlərini xəstə ol- duqlarına inandırıb dərsin ləğv edilməsi üçün qurduqları adi oyunlar, kralına həyatını qurban edəcək qədər bağlı bir vəzir, şeytanla mübahisə edən bir xəlifə və buna bənzər hadisələrin nəql olunduğu hekayələr həm əyləndirmək, həm də ilham vermək xüsusiyyətinə malikdir.

Xocson xəlifə ilə şeytanın hekayəsini “Məsnəvi”nin mistik estetikasına mükəmməl bir nümunə olaraq göstərir. Şeytan xəlifə Müaviyəni sübh namazını qaçırmaması üçün oyandırır. Şeytan nə üçün belə bir yaxşılıq etsin? Müaviyə dərhal şübhələnir və israrla bunun səbəbini öyrənmək istəyir. Günahkar hisslərin rolu ilə əlaqəli sualların verildiyi bir dialoq başlayır. “Günah nə üçün mövcuddur? Şeytan, görəsən, zənn edildiyi kimi pisdirmi? Əgər hər şey Tanrıdan gəlirsə, necə olur ki, insan günah işləyir? Günah və seçim… Şeytan “insanların öz səhvləri üçün seçilən bir günah keçisidirmi?” Beləliklə, bu dialoq uzanıb gedir. Nəhayət, şeytan xəlifəni nə üçün oyandırdığını etiraf edir. Şeytan onu sübh namazını qaçırdığı zaman duyacağı peşmanlıq və edəcəyi tövbənin, namaz qıldığı zaman qazanacağı savabdan daha çox olduğunu düşündüyü üçün oyandırmışdır.

“Məsnəvi”nin xülasəsini danışmaq mümkün deyildir. Bu ədəbi şah əsər Xocsonun da ifadə etdiyi kimi, “fərdin mürəkkəb vəziyyətinə”ə aiddir və insan həyatının hər bir anına xitab edir. Əsərin qəhrəmanları “bir tərəfdən öz nəfsləri, digər tərəfdən də bütün kainatla” mübarizə etmək məcburiyyətindədir.

“Məsnəvi” təsəvvüfi təcrübələrə istinad edən cəhəti ilə də böyük əhəmiyyət daşıyır. İdris Şaha görə, Mövlana öz əsərinin “adi insan təcrübələri ilə hər hansı bir oxşarlığı olmadığını” bildirir.
Sufilər “hər insanda olan əsas ün- sürləri” inkişaf etdirərək fövqəltəbii bir səyahətə çıxırlar: eşq, maariflənmə və kamala çatma. Mövlana bu sonuncu ilə əlaqəli mükəmməl bir nümunə verir. “Bilik sahibi bir insanın əlindəki yun xalçaya çevrilir”. Bu “bilik” çox əhə- miyyətlidir. Adi insan üçün yalnız daş olan bir şey, kamil olan insan üçün bir incidir. “Məsnəvi” təsəvvüf yolunda gedənlər üçün qiyməti ölçülməyən dəyərə sahibdir, çünki sufiliyin mükəmməlləşmə prosesini göstərir.

Bununla yanaşı, “Məsnəvi” yalnız mütəsəvviflər üçün deyil, hər kəs üçün bir bilik xəzinəsidir, bəşər övladını və kainatı daha yaxşı dərk etmək üçün yaxşı bir nümunədir. Burada açar söz olan “dərk etmək” mövzusunda Mövlanadan nümunə verilir: İki dilənçi bir evə gedir. Dilənçilərdən biri çörəyi alır və dərhal oradan uzaqlaşır. Digərinə isə uzun bir müddət gözlədildikdən sonra çörək verilir. Burada incə mətləbi anlamaq üçün ona diqqətlə baxmaq lazımdır. Birinci dilənçi “çox razı qalmadı”, çünki ona köhnə çörək vermişdilər. Digər dilənçi “səbr etmək” məcburiyyətində qalmışdır, çünki onun üçün təzə çörək bişirilmişdir.

“Məsnəvi”nin birinci cildində keçən bir hekayə ilə Mövlana mövzusunu sonlandıraq. Bağdad xəlifələrinin ən səxavətlilərindən birinin dövründə insanlardan uzaq, quraq bir yerdə yaşayan bir bədəvi Bağdada gedərək xəlifənin əliaçıqlığından faydalanmaq məsələsində öz həyat yoldaşı ilə mübahisə edirmiş. Nəhayət, həmin şəxs həyat yoldaşının təkidinə dözə bilməyib getməyə razı olmuşdur. Əsas məsələ isə xəlifəyə necə bir hədiyyə aparacağı imiş. Çünki heç nələri yox imiş. Qadın xüsusi bir məqsəd üçün yığdığı yağış suyunu aparmasını təklif etmişdir. Quyulardan yalnız duzlu su çıxdığı üçün yığdıqları yağış suyu şirin və dəyərli imiş. Bədəvi suyu oraya necə aparacağı barəsində narahat imiş. Evə qayıtdığı zaman görür ki, həyat yoldaşı suyu apara bilməsi üçün dua edir. Həmin şəxs Bağdada çatdığı zaman heyrətə düşür. İzdihamlı bu şəhərdə insanlar çox gözəl libaslar geyinmişdilər. Sarayın girişində dəyərli hədiyyələri ilə gözləyən çox sayda insanlarla qarşılaşmışdır. Keşikçilər onun hədiyyəsini gördükdə gülmüş, lakin yenə də hədiyyəni qəbul edib xəlifəyə təqdim etmişdilər.

Xəlifə bunun əvəzində ona qarşı çox səxavətli davranmış və bədəvinin su qabını qızılla doldurmuş və hədiyyələr vermişdir. Sonra da bədəvini Dəclə çayı boyunca qayıqla evinə aparmaq əmrini vermişdir.

Bədəvi Dəclənin genişliyini və fasiləsiz axmağını gördükdə əvvəlcə düşünür, sonra öz kiçik hədiyyəsinin əvə- zində bir çayı onun sərəncamına verən xəlifənin səxavəti qarşısında heyran qalır. Əlbəttə, Mövlana bu hekayəni çox təfsilatlı şəkildə nəql edir. Hekayədəki əsas məqam bə- dəvi ilə həyat yoldaşının dialoqudur. Bu dialoqda insan kasıblığa səbr etməli, yaradanın nemətlərini axtarmalıdır. Arberri nəticəni Mövlananın bu cümlələri ilə izah edir: “Bilməlisən ki, ey oğul, dünya hikmət və gözəlliyi ilə ağzına qədər dolu bir sürahidən badəyə tökülən bir damladır”. Böyük bir çayda davam edən bu səyahətdə bəzən dayanıb Mövlananın vasitəsilə su qamışının səsinə qulaq asmaq ehtiyacı hiss edir insan.

Digər Kateqoriyalar

2023 © AzerVoice