Bakı,AzerPress:
Türk dünyasının ən böyük fatehlərindən biri olan Əmir Teymur 1336-cı ildə indiki Özbəkistanın Qaşqadərya vilayətində anadan olub.
Türklər ona Topal Teymur deyirdilər. O,Barlas tayfasının başçılarından Əmir Turağay və Tekina Xatunun oğlu idi. 1370-ci ildə Teymurilər dövlətinin banisi olan Teymur bir sıra hərbi və inzibati tədbirlər həyata keçirib.
1373-cü ildə Xarəzm səfərinə çıxan Teymur Kat şəhərini tutdu. O, daha sonra Cəlairilər dövlətinə yürüş etdi və paytaxtını ələ keçirdi. Bu bölgədə yürüşlərini və qələbələrini davam etdirən Teymur daha da güclənir. O, 1379-cu ildə Xarəzmi tamamilə Teymurilər dövlətinə birləşdirdi. Teymur 1384-cü ildə İraqi Əcəmə daxil olan Teymur 1386-cı ildə Təbriz, Qars və Tiflisi ələ keçirir. O, Azərbaycan və Ermənistana yürüşlərinin sonunda Qaraqoyunlulara qarşı vuruşaraq 1387-ci ildə Əhlət, Adilcevaz və Vanı tutdu.
Daha sonra İrana doğru səfərinə davam edən Teymur Marağa, Rey və İsfahana yürüş etdi.
1389-cu ildə Qızıl Orda dövlətinə qarşı yürüşə çıxan Teymur iki qələbə qazandı.
O, bütün Şiraz və Kirmanı ələ keçirdikdən sonra Bağdad, Təkrit, Ərbil və Mosulun hakiminə çevrildi. Bundan sonra Teymur Ağqoyunlu və Qaraqoyunlu ağalarını özündən asılı vəziyyətə saldı.
1395-ci ildə Dərbəndi tutan Teymur şimala doğru hərəkət edərək Ukrayna və Kiyevə yürüş etdi. O, Ozi çayının sahilində yerləşən Krım və Azov ətrafındakı genuya koloniyalarını ələ keçirərək Moskvaya gəldi.
Teymur 1398-ci ildə Hindistanın paytaxtı Delhini ələ keçirir.
1400-cü ildə qurultay çağırıldıqdan sonra o, Gürcüstan səfərinə getməyə qərar verir. Ardahan və Qarsdan Bingölə gəlir.
Bu zaman Cəlairi hökmdarı Əhməd və Qaraqoyunlu Qara Yusif Teymurdan qurtulmaq üçün Osmanlı sultanı Yıldırım Bəyaziddən kömək istəyir. Bəyazid Teymurdan asılı olan Ərzincanı ələ keçirir, lakin Teymur 1400-cü ildə yenidən Ərzincanı geri alır.
1402-ci ildə Ərzurum, Ərzincan və Kayserini fəth edən Teymur Ankaraya doğru hərəkət etdi. O, Ankarada Çubuk düzündə Osmanlı qüvvələrini məğlub edir və Osmanlı sultanı Yıldırım Bəyazidi əsir götürür. Bir il Anadoluda qalan Teymur bütün Anadolu vilayətlərini ələ keçirir.
O, 1403-cü ildə Gürcüstana, 1405-ci ildə Çinə yürüş edir. Pir Məhəmmədi özündən sonra varis qoyan Teymur 1405-ci ildə Otrarda vəfat etdi.
Ləman Əsədli