Əsas səhifə » Ciorcia Meloni kimdir?

Ciorcia Meloni kimdir?

admin

Bakı, AzerPress:

Ciorcia Meloni 15 yanvar 1977-ci ildə İtaliyanın paytaxtı Romada anadan olub. Gənclik illərində sağ partiyaların gənclər təşkilatlarında iştirak edən Meloni siyasətdə fəal rol almağa başlayıb.

Bir müddət Romada yerli siyasətlə məşğul olan Meloni 2006-cı ildə keçirilən ümumi seçkilərdə İtaliya parlamentinə seçilir. Meloni 2008-ci ildə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dördüncü hökumətində gənclər naziri vəzifəsində çalışıb.

Meloni hökumətindəki sağçı siyasətçilərin mövqeyinin əksinə olaraq, sosial yardım siyasətini müdafiə edərək 300 milyon dollarlıq gənclik paketi hazırladı. Partiyasında Çinin yüksəlişini ən sərt tənqid edən Meloni 2008-ci ildə Pekin Olimpiadasını boykot etməyə çağırıb. Boykot çağırışından sonra öz partiyası tərəfindən ona xəbərdarlıq edilib.

banner

O, 2012-ci ildə siyasətçi dostları İgnazio La Russa və Guido Crosetto ilə birlikdə ifrat sağçı, neofaşist, millətçi-mühafizəkar İtaliyanın Qardaşları Partiyasını (Fratelli d’Italia) qurdu.

Meloni 2014-cü ildə partiyanın sədri seçilsə də həmin il Avropa Parlamentinə seçilmədi.

Ciorcianın partiyası 2013-cü ildə keçirilən və iştirak etdiyi ilk seçkidə 3 faiz, 2018-ci ildə keçirilən son ümumi seçkidə isə 4 faiz səs topladı.

Ciorcia Meloninin partiyası İtaliyada 25 sentyabr 2022-ci ildə keçirilən seçkilərdə 26 faiz səs topladı və o, İtaliyanın ilk qadın baş naziri seçildi.

Meloni eynicinsli nikahlara, boşanmalara, və narkotikin qanuniləşdirilməsinə qarşıdır. Meloni İspaniyanın ifrat sağçı Vox partiyasının mitinqində “Ailəyə hə, LGBT lobbilərinə yox” şüarlarını səsləndirib. Meloni faşistlərin tez-tez işlətdiyi “Tanrı, vətən və ailə” şüarını da qəbul edir. Bundan əlavə, digər sağçı partiyalarla müqayisədə Meloni təbliğatın vacib olduğuna inanır. O hesab edir ki, pulsuz uşaq bağçaları açılmalı və immiqrant olmayan italyan analar sosial yardım paketindən faydalanmalıdır. Xarici siyasətdə ABŞ və NATO-nun güclü tərəfdarı olan Meloni beynəlxalq siyasətdə Çin və Rusiyanın hökmranlığına qarşıdır.

“Liviyanı bombalayan Fransa idi. Çünki İtaliyanın Qəddafi ilə enerji sahəsində xüsusi münasibətləri onları narahat edir. Fransa bugün də uşaqları mədənlərdə işlətməyə, xammal əldə etməyə davam edir. Fransa nüvə reaktorları üçün istifadə etdiyi uranın 30%-ni Nigerdən çıxarır. Bununla belə, Niger əhalisinin 90%-i işıqsız yaşayır”, – deyə C.Meloni Fransa prezidenti Emmanuel Makrona qarşı fikirlər səsləndirib.

Ləman Əsədli
Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice