İranın dəstəklədiyi Husilər, ABŞ-a məxsus döyüş təyyarələrinin Yəmənin paytaxtı Səna, Marib və Hodeyda şəhərlərinə ümumilikdə 22 hava hücumu təşkil etdiyini bildirib.
AzerVoice xəbər verir ki, ABŞ qüvvələri Səna şəhərinə 11, Maribə 9, Hodeydaya bağlı Qırmızı dənizdə yerləşən Kamaran adasına isə 2 hava zərbəsi endirib.
Husilər ABŞ-ın təşkil etdiyi bu hücumlarda insan itkisi olub-olmadığı barədə açıqlama verməyib. ABŞ tərəfindən də hücumlara dair hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Husilər martın 7-də verdikləri açıqlamada İsrailə xəbərdarlıq edərək, Qəzzaya humanitar yardımların girişinə icazə verməsi üçün 4 gün müddət verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başlayacaqlarını bildiriblər.
ABŞ-ın prezidenti Donald Tramp isə 15 martda ordunun Yəməndəki Husilərə qarşı “böyük bir hücum”a başlama əmri verdiyini bəyan edib.
Husilərin lideri Əbdülməlik əl-Husi isə cavab olaraq bildirib ki, ABŞ-a məxsus təyyarə və döyüş gəmiləri bundan sonra onların hədəfi olacaq və hücumlar davam edəcəyi təqdirdə dəniz yollarında tətbiq edilən blokadaların ABŞ-ı da əhatə edəcəyini vurğulamışdı.