BAKI, AzerVoice
Yəməndə husilərin “Ənsar Allah” hərəkatına qarşı çıxan qüvvələr ölkə ərazisində quru əməliyyatı keçirməyə hazırlaşırlar.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib.
Məlumata görə, əməliyyatın ehtimal olunan başlanğıc nöqtələri ölkənin cənub və şərq bölgələri olacaq. Həmçinin, ABŞ və Səudiyyə Ərəbistanının dəstəyi ilə dənizdən də yardım gözlənilir. Bu dəstəyin əsas məqsədlərindən biri strateji əhəmiyyətə malik Hodeyda limanı üzərində nəzarəti təmin etməkdir.
Mənbələrin bildirdiyinə görə, ABŞ-ın bu əməliyyatda iştirakı məhdud olacaq və əsasən xüsusi təyinatlı kiçik qruplardan ibarət olacaq. Onların vəzifəsi isə əsasən hədəflərin koordinasiyası və hava zərbələrinin dəqiqləşdirilməsi olacaq.
Xatırladaq ki, martın 15-də ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Silahlı Qüvvələri husilərin nəzarətində olan ərazilərə qarşı genişmiqyaslı hava zərbələri endirməyə başlayıb. Husilər hazırda Yəmənin təqribən üçdə birinə nəzarət edirlər. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya görə, bu əməliyyatın məqsədi ABŞ maraqlarını qorumaq və təhlükəsiz dənizçiliyi təmin etməkdir.
Buna cavab olaraq, “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimal hissəsində yerləşən ABŞ-a məxsus Harry Truman təyyarədaşıyanını raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Lakin gəminin zərər görməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.