Əsas səhifə » Husilər ABŞ aviadaşıyıcısını raketlə vurub

Husilər ABŞ aviadaşıyıcısını raketlə vurub

Bakı, AzerVoice

İranın dəstəklədiyi Yəmənli husilər, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Harry S. Truman" aviadaşıyıcısını raket və pilotsuz uçuş aparatları (PUA) ilə vurublar.

AzerVoice xəbər verir ki, bu haqda Husilərin silahlı qüvvələrinin sözçüsü Yəhya Səri məlumat verib.

Məlumatda qeyd edilib ki, husilər 18 raket və bir PUA ilə "Harry S. Truman" gəmisini hədəf alıblar.

Səri, ABŞ ordusunun Yəməndə 170-dən çox hava hücumu həyata keçirdiyini və İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı ləğv etməyənə qədər Qırmızı dənizdə İsrail gəmilərinə qarşı hücumların davam edəcəyini bəyan edib.

Digər tərəfdən, dünən ABŞ-ın Yəməndə keçirdiyi hava hücumları nəticəsində 31 nəfərin həyatını itirmişdi. ABŞ-ın Yəməndəki əməliyyatlarının genişlənməsi və husilərin buna cavab verməsi bölgədəki gərginliyin daha da artacağını göstərir.

Xatırladaq ki, Tramp dünən Truth Social platformasında verdiyi açıqlamada, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.

Bununla yanaşı, Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb etmişdi.

"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.

Həmçinin xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice