Bakı,
AzerVoice
Yəməndəki husilər İsrailin baş naziri Binyamin Netanyahuya
xəbərdarlıq edərək, Qəzzada gərginliyin artacağı təqdirdə Təl-Əvivə
dərhal hərbi cavab verməyə hazır olduqlarını bildiriblər.
AzerVoice xəbər verir ki, Husilərin lideri Əbdül-Malik əl-Husi Netanyahunun Qəzzaya yeni hücuma keçmək planlarının uğursuz olacağını vurğulayaraq, “Barmağımız tətikdədir və İsrail gərginliyi artırarsa, dərhal cavab verəcəyik” - deyə bildirib.
Husi lideri ABŞ-ın Qəzzanı işğal etmək və fələstinliləri köçürmək planlarını açıq şəkildə tənqid edərək, bunun təkcə Fələstin deyil, İslam dünyasına qarşı sionist bir layihənin tərkib hissəsi olduğunu bildirib.
Husi həmçinin Livana dəstəklərini ifadə edərək, İsrailin Livana genişmiqyaslı hücuma keçəcəyi halda cavab verməyə hazır olduqlarını bəyan edib.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları, İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi üçün 15 fevralda keçirilməsi planlaşdırılan məhbus mübadiləsini dayandırıb.
İsrail Baş Nazirliyinin yaydığı məlumata görə, doqquz israilli məhbusun azad edilmədiyi müddətcə atəşkəsin ikinci mərhələsi üçün danışıqlarda iştirak etməyəcək. Atəşkəs çərçivəsində ümumilikdə 33 israilli məhbusun azad olunması planlaşdırılırdı.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, məhbuslar azad edilmədiyi təqdirdə atəşkəsin ləğv edilməli olduğunu və bunun ağır nəticələrə səbəb olacağını bildirib.