Bakı,AzerVoice
ABŞ-ın yeni prezidenti Donald Tramp Ənsarullahın (Yəmənin böyük bir hissəsinə nəzarət edən husilər) yenidən terror təşkilatı kimi tanınmasına dair sərəncam imzalayıb.
AzerVoice xəbər verir ki, sənəddə deyilir:
“Husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika mülki əhalisinin və personalının təhlükəsizliyini, ən yaxın regional tərəfdaşlarımızın təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhdid edir".
Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra husilər ABŞ-ın “xarici terror təşkilatları” (FTO) siyahısından çıxarılıb.
Trampın sərəncamında deyilir ki, İranın dəstəklədiyi husilər 2023-cü ildən bəri ABŞ hərbi gəmilərinə dəfələrlə atəş açıb və həmçinin mülki infrastruktura hücum ediblər.
Husilər həmçinin Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinə 100 dəfədən çox hücum edərək, ən azı dörd dənizçini öldürdülər və Qırmızı dənizdəki bəzi ticarət daşıyıcılarını marşrutlarını dəyişməyə məcbur etdilər, bu da qlobal inflyasiyaya səbəb oldu.