Əsas səhifə » Aba və Əbna nədir?

Aba və Əbna nədir?

BAKI,AzerVoice

Aba və Əbna hədis üsulu terminlərindən biridir. Ərəb dilində “aba” sözü “əb” kəlməsinin cəmidir və “atalar” deməkdir. “Əbna” kəlməsi isə “ibn” sözünün cəmidir və “oğullar” mənasını ifadə edir.
“Aba və əbna”, yəni “atalar və oğullar” ifadəsi hədis üsulu termini kimi oğulun atadan nəql etdiyi hədis rəvayətinə deyilir.
Hədis ədəbiyyatında ata və oğul arasındakı hədis rəvayəti həm oğulun atadan, həm də atanın oğuldan rəvayəti olaraq iki şəkildə yer alır. Atanın oğuldan rəvayətinə aşağıdakı hədisi nümunə göstərmək olar: Abbas ibn Əbdülmüttəlib oğlu Fəzldən rəvayət edir ki, Həzrət Peyğəmbər Müzdəlifədə iki namazı (şam və xiftən) cəm etmişdir. Bu hədisin isnadında mövcud olan rəvayət qəlibi “ən ibnihi”, yəni “oğlundan” şəklindədir.

Hədis ravisi olan kimsənin öz atasından, yəni oğulun atasından rəvayəti isə hədis ədəbiyyatında iki şəkildə təqdim edilir. Bunlardan birincisi, “ən əbihi”, “atasından”, digəri “ən əbihi ən cəddihi”, yəni “atası vasitəsilə babasından” formasındadır. Hədis alimləri həm oğulların atalardan, həm də ataların oğullarından rəvayətlərinə dair müxtəlif əsərlər qələmə almışlar.
Bu əsərlərdən biri Xətib əl-Bağdadinin atanın oğullardan rəvayətinə həsr edilmiş “Rivayət əl-aba ənil-əbna” adlı əsəridir. Ravi oğulların ravi atalardan rəvayətinə dair əsər isə Übeydullah ibn Səid əs-Sizcinin “Rivayət əl-əbna ənil-aba” adlı əsəridir.

Digər Kateqoriyalar

2025 © Azervoice