Əsas səhifə » İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu

İran-Livan münasibətlərində gərginlik: Səfirin sözləri etiraz doğurdu

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İranın Beyrutdakı səfiri Müctəba Əmani çərşənbə günü Hizbullahın silahları ilə bağlı paylaşdığı və Livanda qəzəb doğuran paylaşımlarla əlaqədar geri addım atdı.

Livanın “Əl-Cədid” televiziya kanalına danışan Əmani bildirdi ki, “İran, Livan dövlət qurumlarının üzərində razılaşdığı qərarlara hörmətlə yanaşır və Hizbullahın silahlarının təhvil verilməsi Livanın daxili işidir. Theran da buna müdaxilə etmir.”

İran səfiri bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən ona göndərilən çağırışı yerinə yetirə bilmədiyi üçün üzr istəyib. Bu çağırış onun Hizbullahın silahsızlaşdırılması layihəsini “bir sui-qəsd” adlandırdığı paylaşımlarla bağlı idi.

“Silahlar barədə paylaşdığım tvitlərlə əlaqədar Livan Xarici İşlər Nazirliyinin mənimlə görüşmək istədiyini bildim, lakin bu gün gəlməyə vaxtım olmadığını deyib üzr istədim. Hələlik mənə yeni görüş vaxtı təyin olunmayıb.”- deyə, Əmani bildirib.

O əlavə edib ki, görüşə gəlməməsinin səbəbi işlərinin çoxluğu olub və əslində onu Nazirliyin baş direktoru Hani Şmitli qəbul etməli idi.

“Yeni hökumətdəki xarici işlər naziri Yusif Raci ilə vəzifəyə başladığı zaman görüşmüşəm və indi yeni görüş üçün vaxt təyin etməyə çalışıram.”-deyə o qeyd edib.

İran səfirinin Xarici İşlər Nazirliyinin çağırışına cavab verməməsi bir çox livanlı tərəfindən inandırıcı hesab olunmayıb və bəziləri bunu Livan dövlətinə qarşı hörmətsizlik kimi qiymətləndirib. Çünki səfir jurnalistlərə açıqlama verməyə vaxt tapdığı halda, rəsmi çağırışa cavab verməyə vaxt ayırmaması narazılıqla qarşılanıb.

Livan mətbuatının yazdığına görə, İran səfirinin çağırılması səbəbi onun tviter platformasında yayımladığı və Hizbullahın silahlarının yalnız dövlətə verilməsi məsələsi ilə bağlı Livanda aparılan müzakirələrə dair yazısı olub. Livan rəsmiləri İran diplomatının bu fikirlərinə qarşı çıxaraq, bunu “Livanın daxili işlərinə birbaşa müdaxilə” kimi qiymətləndiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice