Əsas səhifə » Suriya hökumətində yer almayan YETİM TÜRKMƏNLƏR

Suriya hökumətində yer almayan YETİM TÜRKMƏNLƏR

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün


Bir müddət əvvəl bir yazı yazmışdım. İndi o yazıdan bir hissəni iqtibas edirəm:
"Suriyada türkmənlər Əsədə qarşı mübarizədə xüsusi rol oynamışdılar. Ümumiyyətlə, türkmənlər Suriyanın ikinci ən böyük etnik qrupudur. Suriya Türkmənləri Bəşər Əsəd rejiminə qarşı mübarizədə mühüm rol oynayan icmalardan biri olmuşdur. Vətəndaş müharibəsinin başlaması ilə türkmənlər həm öz hüquqları uğrunda, həm də Əsəd rejiminə qarşı fəal şəkildə savaşmışdılar. Onlar əsasən Hələb, Homs, Lazkiyə və Rəqqa bölgələrində məskunlaşıblar. Xüsusilə Lazkiyə bölgəsindəki Bayırbucaq türkmənləri Əsəd rejimi və İran tərəfindən dəstəklənən qüvvələr tərəfindən ciddi təzyiqlərə məruz qalıblar.
Türkmənlər təkcə Əsəd rejimi ilə deyil, həm də İŞİD və PYD/YPG kimi silahlı qrupların təzyiqləri ilə üzləşiblər. Hər iki qrup türkmənlərin yaşadığı bəzi bölgələri nəzarətə götürmüşdü. 2015-ci ildə Rusiyanın müdaxiləsi ilə Bayırbucaq türkmənləri ağır bombardmanlara məruz qaldılar. Nəticədə, türkmən mülki əhalisinin böyük bir hissəsi Türkiyəyə köçməyə məcbur oldu.
Bu gün Əsəd artıq yoxdur. Maraqlıdır ki, Suriyada yeni hökumət qurulur və hər kəsin hüquqları haqqında danışılır."
Bir daha sual verirəm: Yaxın Şərqin yetim balaları – türkmənlər – yeni hökumətdə niyə yoxdur?
Bəlkə onların beynəlxalq müstəvidə real dəstəkləri olmadığı üçün? Druzlara İsrail arxa durur, ələvilər İran, Rusiya və İsrail arasında balans saxlayırlar, xristianlar onsuz da Qərbin himayəsindədir. Kürd qüvvələri isə ABŞ-İsrail ittifaqının yerli tərəfdaşları olublar. Halbuki Suriya türkmənləri say baxımından kürdlərdən də çoxdurlar. Amma yeni hökumətdə onların adı belə çəkilmir.
Türkiyə İraq və Suriya siyasətində əsasən PKK-ya qarşı olan mötədil kürdlərdən istifadə edib. Mən qətiyyən millətçi deyiləm, irqçi deyiləm. Siyasi və ideoloji baxışlarım bəllidir.
Amma analitiklər üçün bir sualı açıq qoyuram:
Yaxın Şərqin yetim balaları – türkmənlər – yeni Suriya hökumətində niyə yoxdur? Axı onlar həm Əsəd zalımı ilə, həm İran dəstəkli məzhəbçi qruplarla, həm də İŞİD-lə savaşıblar…

Digər Kateqoriyalar

2025 © Azervoice