Əsas səhifə » Qədim Romada Qızlar və Evlilik

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Qədim Romada qızlar üçün qanuni evlilik yaşı on iki idi. Orta təbəqə Roma cəmiyyətində isə qızların ilk evlənmə yaşı adətən yeniyetməlik dövrünün ortalarına və ya sonlarına təsadüf edirdi. Lakin sübutlar göstərir ki, elitar təbəqənin bir hissəsində qızların on iki yaşında, bəzən isə daha erkən evləndirilməsi adi hal hesab olunurdu. Ənənəyə görə evlilik, ailənin başçısı – paterfamilias (ata) və onun ailə şurası tərəfindən təşkil olunurdu.

Yeniyetməlik

Qədim Romada qızların rəsmi ibtidai təhsili on iki yaşında başa çatırdı. Bununla belə, bəzi yüksək təbəqəli ailələr qızlarına əlavə ədəbi təhsil verməyi seçirdilər. Bu, gənc qızın həyatında həlledici bir dövr idi – uşaqlıqdan çıxıb yeni bir həyata qədəm qoyduğu zaman idi. Bu yeni həyat təvazökarlıq, ədəb qaydaları və iffət üzərində qurulurdu; məqsəd isə onu evlilik və analığa hazırlamaq idi.

Əslində, Roma qızları üçün yeniyetməlik dövrü çox qısa idi, bəzən isə sanki mövcud deyildi. Roma qəbir daşlarında tapılmış yazılar cəmiyyətin gənc qızlardan daha yetkin davranış gözlədiyini göstərir. Bu isə cəmiyyətin qızları yaşlarından çox böyük və yetkin hesab etdiyini göstərir.

Qədim Romada sevgi, cinsi münasibətlər və evlilik patriarxal sistemlə müəyyənləşdiyindən, bu yeniyetməlik dövründə, qız fiziki olaraq inkişaf etdikcə və cinsi baxımdan cəlbedici olduqca, onun həyatı ciddi nəzarət altına alınırdı. Məqsəd – onun bakirəliyini gələcək həyat yoldaşı üçün qorumaq və saxlamaq idi.

Nişanlanma

Nişanlanma hüquqi baxımdan məcburi deyildi, lakin tez-tez, xüsusən də elitar ailələrdə evlilikdən əvvəl baş verirdi və bu nişan müddəti iki il və ya daha artıq davam edə bilərdi. Roma cəmiyyətində bakirə bir qızla evlənmək böyük əhəmiyyət daşıyırdı. Qızın bakirəliyinin gələcək ərə saxlanması məqsədilə erkən yaşda nişanlandırılması geniş yayılmış praktikaydı. Xüsusilə elit təbəqədə qızlar çox erkən yaşlarda nişanlanırdılar, lakin qanunən bir qız yeddi yaşından tez nişanlana bilməzdi. Nişan, adətən, qızın atası ilə namizəd bəy və ya onun nümayəndəsi arasında aparılan danışıqlar nəticəsində baş tuturdu.

Nəzəri cəhətdən, nişanlanma və evlilik üçün hər iki tərəfin razılığı tələb olunurdu, lakin praktikada bu razılıq çox vaxt qızın xəbəri olmadan olurdu.

III əsr Roma hüquqşünası Ulpian "Digest" adlı hüquq toplusunda yazırdı ki, nişanlanmanın birbaşa və ya vasitəçi ilə aparılmasının fərqi yoxdur; hətta hər iki tərəf orada olmasa belə, nişan baş tuta bilərdi. O, həmçinin qeyd edir ki, evliliyin qanuni hesab olunması üçün hər iki tərəfin bu razılaşma ilə razılaşması vacibdir.

Teorik olaraq bu belə olsa da, reallıqda razılıq əksər hallarda qəbul olunmuş hesab edilirdi. Xüsusilə də həyatda təcrübəsi olmayan gənc bir qız, fikrini açıq şəkildə ifadə edə bilmədikdə və ya atasının təzyiqi ilə qarşılaşdıqda, atasına itaət etməsi qaçılmaz olurdu. Ulpian izah edir ki, əgər qız atasının istəyinə qarşı çıxmırsa, bu, razılıq kimi qəbul edilir.

Nişanlanan tərəflər arasında həyat təcrübəsi baxımından böyük fərq olurdu; Roma qızlarının evliliyi çox vaxt onların ilk aybaşı dövrü ilə üst-üstə düşürdü və nəticədə onlar sosial baxımdan çox sürətli şəkildə qızdan qadına çevrilirdilər. Evlilik, bir qızın yetkinliyə keçid mərasimi kimi qəbul olunur və bu mərasim onun həyatını geri dönməz şəkildə dəyişdirirdi. Matrona yəni evli qadın olaraq o, iffətli, dindar, təvazökar olmalı, evdə qalmalı və ərinə sədaqətlə xidmət etməli idi.

Roma oğlanları üçün isə yetkinliyə keçid tamamilə fərqli idi – onlar yetkinlik toqasını geyinir, tam vətəndaşlıq hüququ, sosial və cinsi azadlıq əldə edirdilər. Belə gələcək ərə namizədlər adətən iyirmili yaşların əvvəlində Roma təhsilini tamamlamış olurdular. Elitar ailələrin oğulları isə çox zaman xaricdə, məsələn Afinada təhsil alır, "universitet həyatı" kimi azad bir dövr yaşayırdılar. Beləliklə, bir gənc oğlan yetkinliyə mərhələlərlə, həyat təcrübələri ilə dolu şəkildə keçirdisə, gənc qız evləndiyi gün birbaşa bu mərhələyə daxil olurdu.

Qızların Evləndirilməsi

Qədim Romada evlilik anlayışı daha çox adət-ənənə və ailələrin razılığı ilə müəyyən olunurdu, nəinki hüquqi tənzimləmələrlə. Roma hüququna görə, əgər iki tərəf birlikdə yaşamağa qərar verirdisə, bu, evlilik kimi qəbul olunurdu. Qızlar gələcəklərini evlilikdə görürdülər,bununla belə, evlənməməyi seçmək kimi bir imkan görünmürdü.

Gənc bir qız üçün ər seçimi ailə məsələsi idi və son qərarı adətən ata verirdi. Qızların evliliyi ailənin nüfuzunun və var-dövlətinin artırılmasında mühüm rol oynaya bilərdi – və çox zaman bu belə də olurdu. Cəmiyyətin yuxarı təbəqələrində evliliklər əsasən tanınmış ailələr arasında ittifaqlar qurmaq, atanın və ya ailənin güc bazasını möhkəmlətmək və genişləndirmək məqsədilə planlaşdırılırdı.

Gənc qızların özlərindən çox yaşlı kişilərlə evlənməsi qəbul edilə bilən və xüsusilə ilk evliliklərdə o qədər də nadir hal sayılmayan bir hal idi. Bəzi alimlərin fikrincə, əvvəlki həyat yoldaşını itirmiş yaşlı kişilər, doğum qabiliyyəti yeni başlayan və fiziki baxımdan ən cazibədar dövründə olan gənc bir qızla evlənməyə üstünlük verirdilər.

Elitar təbəqədə qızların, öz ataları ilə yaşıd və ya ondan da yaşlı kişilərə ərə verilməsi ilə bağlı bir çox nümunə var.

Qızların bu haqda nə düşündüyünü və ya nə hiss etdiyini əks etdirən hər hansı bir mənbə yoxdur – ədəbiyyat nümunələrinin hamısı kişi müəlliflər tərəfindən yazılmışdır və bu da bizə yalnız kişi baxış bucağını təqdim edir. Lakin yaş, təhsil və həyat təcrübəsi baxımından belə böyük fərqlərin olduğu münasibətlərin gənc bir qız üçün çox çətin keçdiyini düşünmək olar.

Roma Evlilik Mərasimi

Roma hüququna görə evliliyin qüvvəyə minməsi üçün dini və ya rəsmi mərasim keçirilməsi zəruri deyildi, lakin bir çox gənc gəlin öz nikah gününü belə mərasimlərlə qeyd edirdi. Evlilik günü gənc gəlin saçlarını altı hörük şəklində düzəldər, onları yun lentlərlə bağlayardı. Saç ortadan qeyri-adi bir alətlə – əyilmiş nizə başı ilə ayrılardı. Hörüklərinin üstünə çiçəkdən hazırlanmış tac qoyulardı və bu, flammeum adlanan parlaq sarı-narıncı rəngli bir örtüklə örtülərdi. Bu örtük gəlinin həm saçını, həm də üzünü bağlayırdı. Qızın özünün toxuduğu ağ tunika belindən kəmərlə bağlanırdı. Gəlin bəzən sarı ayaqqabı da geyinirdi.

Toy mərasimi qızın atasının evində başlayırdı. Ev çələnglərlə bəzədilərdi. Tanrılara qurbanlar təqdim olunardı. Ardınca toy ziyafəti və bayram qeyd olunardı. Evlilik zamanı kimin hansı cehizi gətirdiyini qeyd edən müqavilələr də burada şahidlərin qarşısında imzalanardı.

Yalnız hava qaralandan sonra gəlin bəyin evinə aparılırdı. Bu vaxt bəy artıq evinə dönmüş olurdu və yeni arvadını gözləyirdi. Gəlin məşəl işığında üç oğlan tərəfindən müşayiət edilirdi: biri gəlinin ev ocağından alovlandırılmış xüsusi məşəli daşıyır, digər ikisi onun əllərindən tuturdu. Bir başqası isə ip əyirmə aləti – çarx və əyirici çubuq (distaf) daşıyırdı ki, bu da gəlinin evdarlıq roluna keçməsini simvolizə edirdi.

Gəlinin evdən çıxıb ər evinə getməsi prosesi zamanı küçələrdə insanlar toplanır, bu yürüşü izləyirdilər. Qız ərinin evinə çatdıqda qapının dirəklərini mərasimlə yağla silir, yun lentlərlə bəzəyirdi. Daha sonra gəlin ərinin evinə özü yox, xidmətçiləri tərəfindən qaldırılaraq içəri aparılırdı.

Qədim Romada Analıq

Qədim Romalılar üçün evlilik, qanuni uşaqlar dünyaya gətirmək üçün bir institut sayılırdı. Lakin doğuş zamanı həm analar, həm də körpələr üçün ölüm riski çox yüksək idi. Bu yüksək ölüm göstəricilərinin qarşısını almaq üçün qadının məhsuldarlığından tam istifadə edilməli idi. Buna görə də qızların evlilik yaşı doğum qabiliyyəti ilə sıx əlaqəli idi. Məsələn, 12 yaşında evlənmiş bir qızın aybaşısı iki il sonra başlaya bilərdi – yəni yalnız 14 yaşında hamilə qalmaq imkanı yaranırdı. Lakin qadın orqanizmi tam böyümədən və yetkinlik qazanmadan bu yaşda hamilə qalmaq ciddi risk daşıyırdı.

Qədim Roma tibbində qızların hamiləliyə fiziki olaraq nə zaman hazır olduqları ilə bağlı anlayış formalaşmışdı. Məsələn, Efesli Rufus (təqr. 70–110 e.ə.) bu risklə cəmiyyətin ailə qurmağa yönəlmiş təzyiqləri arasında balans axtarırdı. O, qızların erkən evlənib aybaşıya çatanda hamilə qalmasını qəbul etmir, belə erkən yaşda hamiləliyin təhlükəli olduğunu və ən düzgün yolun 18 yaşa qədər gözləmək olduğunu bildirirdi.

Tanınmış başqa bir Roma həkimi Soranus (98–138 e.ə.), “Ginekologiya” əsərində yeniyetmə gəlinlərin sağlamlığı üçün riskli hesab etdiyi hallara toxunurdu. O, bəzi hallarda qızın uşaqlığı çox kiçik və tam inkişaf etməmişsə, hamiləliyin sonlandırılmasının düşünülməsini tövsiyə edirdi ki, gələcəkdə daha ciddi təhlükələr yaranmasın.

Ancaq bu tibbi məsləhətlər, həm də Roma cəmiyyətinin gözləntiləri ilə uyğunlaşdırılırdı. Elit ailələr və sosial təzyiq, yeniyetmə qızların birbaşa yetkinlik yaşına çatar-çatmaz evliliyə və analığa sürüklənməsini davam etdirirdi.

Qədim Romada gənc qızlar üçün evlilik, uşaqlığın sonu demək idi. Bu hadisə onların həm həyatını, həm də kimliyini dəyişdirirdi. Artıq uşaq olmayan bu gənc qız indi bir qadın, bir arvad idi – cinsi həyata daxil olur, onun bütün nəticələri ilə üzləşir, ev işlərinə və məsuliyyətlərinə qoşulur, özünü ərinə və Roma dünyasındakı qadın roluna həsr edirdi.

Digər Kateqoriyalar

2025 © Azervoice