Əsas səhifə » Suriya Liva Partiyası – kimə və nəyə xidmət edir? (HESABAT)

Suriya Liva Partiyası – kimə və nəyə xidmət edir? (HESABAT)

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

10 mart 2025-ci ildə "Suriya Liva Partiyası" bəyanat yayaraq, Dəməşq hökuməti tərəfindən mülki vətəndaşlara qarşı həyata keçirilməsi iddia olunun hüquq pozuntularını pisləyib. Eyni zamanda, partiya İranTürkiyənin Suriyadakı layihələrini rədd etdiyini bildirib. Partiya həmçinin, keçid hökuməti qurulmadan "Heyət Təhrir əş-Şam"ın (HTŞ) Süveydaya girişini qadağan etdiyini elan edib və bu məsələdə Dürzi icmasının dini lideri Şeyx Əql Hikmət əl-Hicri ilə koordinasiyaya çağırıb.

Bəs bu partiya nədir, Süveyda vilayətindəki mövqeyi və gücü nə qədərdir, onu dəstəkləyən qüvvələr kimlərdir?

"Suriya Liva Partiyası"nın yaradılması ilə bağlı ilk məlumatlar 2021-ci ilin iyun ayında ortaya çıxıb. Partiyanın rəsmi adı altında ilk paylaşımı 7 iyul 2021-ci ildə "Facebook" sosial şəbəkəsində edilib. Ardınca, 28 iyul 2021-ci ildə təşkilatın prinsipləri və proqramı rəsmi səhifəsində dərc olunub.

Partiyanın hazırkı rəhbəri Fransada yaşayan və eyni zamanda "Mən İnsanam" təşkilatına başçılıq edən Malik Əbu Xeyrdir. Partiyanın hərbi qanadı isə "Terrorla Mübarizə Qüvvəsi" adlanır və 600 döyüşçüdən ibarətdir. Bu qanadın komandanı isə Samir əl-Hakimdir.

Bu hesabatda, partiyanın məqsədləri, bölgədəki təsiri və yerli oyunçuların ona münasibəti, eləcə də gələcək perspektivləri araşdırılacaq.

Suriya Liva Partiyasının Layihəsi və Siyasi Mövqeyi

1. Partiyanın İdeoloji Xətti və Məqsədləri
"Suriya Liva Partiyası" özünü 2011-ci ildə başlanan dinc inqilabın davamçısı olan müxalif bir siyasi təşkilat kimi təqdim edir. Partiya terrorizmlə mübarizəni əsas prioritetlərindən biri kimi görür və İŞİD-in məğlub edilməsini müdafiə edir. Xüsusilə, Süveydanın şimal-şərqində bu təşkilata qarşı ABŞ-la əməkdaşlıq etməyə çağırır.

Bundan əlavə, partiya İranın regiondan çıxarılmasını dəstəkləyir və onun Cənubi Suriyadakı genişlənməsinə qarşı xəbərdarlıq edir. Həmçinin, insan oğurluğu ilə məşğul olan və fidyə tələb edən mafiya qruplarına qarşı mübarizə aparacağını və narkotik ticarətini aradan qaldırmaq üçün tədbirlər görəcəyini bildirir.

2. Regional Siyasi Model və Suriyanın Gələcəyi ilə Bağlı Baxışları
Partiya, Süveyda, Dəra və Quneytira vilayətlərini əhatə edən Cənub Vilayəti ideyasını dəstəkləyir və bu bölgədə muxtariyyətin yaradılmasını təklif edir. Bu modelin, əsasən, Fərat çayının şərqində "Suriya Demokratik Qüvvələri"nin (SDQ) yaratdığı idarəetmə sisteminə bənzər olmasını təklif edir.

Eyni zamanda, Suriya üçün müxtəlif idarəetmə formalarını müzakirəyə açıq saxlayır. Partiya genişləndirilmiş mərkəzsiz idarəetmə, federalizm və ya muxtar idarəçilik variantlarını əsas modellər kimi təklif edir.

3. Partiyanın Hərbi Gücü və Taktiki Strategiyası
"Suriya Liva Partiyası" özünü silahsız siyasi təşkilat kimi təqdim etsə də, Suriyanın hökumət qüvvələri və onlara bağlı silahlı qrupların təzyiqlərindən qorunmaq üçün "Terrorla Mübarizə Qüvvəsi" (600 döyüşçüdən ibarət) ilə əlaqəli olduğu düşünülür. Bu qüvvənin partiyanın hərbi qanadı olduğu geniş şəkildə qəbul edilir.

Partiyanın "özünümüdafiə tədbirləri" çərçivəsində SDQ ilə əlaqə saxladığı və bu təşkilatın partiyanın hərbi qanadına təlim keçmək üçün hərbi birlik göndərdiyi də bildirilir.

4. İsrail ilə Münasibətlər və Beynəlxalq Siyasət
Partiya İsrail ilə müəyyən şərtlər daxilində barışığa və diplomatik əlaqələrin qurulmasına açıq olduğunu bildirir. Bu, hər iki tərəfin suverenliyinin və qarşılıqlı hörmətin qorunmasını təmin edən addımlar əsasında baş verməlidir. Həmçinin, gələcəkdə bölgədə hərbi eskalasiyanın qarşısının alınmasını vacib hesab edir.Bu mövqe, partiyanı digər Suriya müxalifət qüvvələrindən fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Süveyda vilayətində "Suriya Liva Partiyası"na yerli qüvvələrin münasibəti

1. Xalqın və yerli hərəkatların mövqeyi

Süveyda cəmiyyətinin böyük əksəriyyəti "Suriya Liva Partiyası"nı dəstəkləmir. Suriya hökuməti bu partiyanı ABŞ-ın dəstəyi ilə ölkənin cənubunda SDQ modelinə bənzər bir layihə yaratmaq üçün istifadə olunan bir alət kimi görür.

Partiyanın yerli cəmiyyətdə ciddi bir sosial bazası yoxdur. Onu dəstəkləyən əsas qüvvələr yalnız "Terrorla Mübarizə Qüvvəsi" adlı hərbi qanada qoşulan fərdlərdən ibarətdir. Partiya lideri Malik Əbu Xeyr, Süveydanın cənub-qərbində yerləşən Ümm ər-Rumman kəndindən olsa da, heç bir güclü tayfa və ya sosial qrupla bağlı deyil.

2021-ci ilin avqust ayında partiya Süveyda şəhəri yaxınlığında yerləşən Raha qəsəbəsində qərargah açıb. Lakin İranın dəstəklədiyi "Milli Müdafiə Qüvvələri" bu qərargahı partlatmaqla hədələyib və partiyanın bölgədən çıxarılması üçün təzyiqlərə başlayıb. Hətta bu prosesdə hər iki tərəf silahlı qüvvələrini səfərbər edib.Yerli hərəkatlar partiyanın federalizm və İsraillə əlaqələr məsələlərindəki mövqeyinə görə ona etibar etmir.
Partiyanın üzvlərinin böyük əksəriyyəti ucqar kəndlərdənkasıb sosial təbəqədən gəlir. 6 mart 2025-ci ildə partiya Süveyda şəhərində Suriyanın rəsmi bayrağını endirib və prezident Əhməd əş-Şəraaya qarşı aksiya təşkil edib, lakin aksiyada cəmi 30 – 40 nəfər iştirak edib. Aksiyaçıların əksəriyyəti isə, Əsəd zamanı işini itirən keçmiş hərbçilərdən ibarət olub.

2. "Rical əl-Karama" və digər yerli qrupların münasibəti

Süveydanın ən güclü yerli qruplarından biri olan "Rical əl-Karama" (Kəramət Adamları) təşkilatı "Suriya Liva Partiyası" ilə ciddi fikir ayrılıqlarına malikdir. Bu təşkilat Dəməşqlə münasibətlərin qorunmasını və yeni hökumət qurumlarına inteqrasiyanı dəstəkləyir.

"Suriya Liva Partiyası" isə Süveyda, Dəra və Quneytira vilayətlərinin birləşərək müstəqil federal bölgə yaratmasını təklif edir. "Rical əl-Karama" bu ideyanı ayrılma cəhdi və İsrailin müdaxiləsinə zəmin yaratmaq kimi dəyərləndirir.

Həmçinin, "Rical əl-Karama"nın liderləri hesab edir ki, partiyanın fəaliyyəti bölgədə daxili münaqişəyə və vətəndaş müharibəsinə səbəb ola bilər. Onlar Süveydanın xarici qüvvələr, xüsusən İsrail tərəfindən manipulyasiya olunacağından narahatdırlar.

Digər yerli silahlı qruplar, məsələn "Cəbəl Briqadası", "Beyt əl-Kərama " və "Cəbəl Hur" təşkilatları da partiyanın layihəsinə qarşıdır.

Bundan başqa, "Rical əl-Karama" ilə "Suriya Liva Partiyası" arasında din və ideologiya məsələlərində də fərqlər var. "Rical əl-Karama" dini ənənələrə bağlıdır və əsasən Dürzi dini liderlərindən ibarətdir, halbuki "Suriya Liva Partiyası" sekulyar bir təşkilatdır.

3. Şeyx Hikmət əl-Hicri ilə münasibətlər

"Suriya Liva Partiyası" Süveydanın dini lideri Şeyx Hikmət əl-Hicrini açıq şəkildə dəstəkləyir və onunla əməkdaşlıq etdiyini iddia edir. Ancaq əslində, bu əlaqələr yalnız rəsmi görüşlərlə məhdudlaşır və Şeyx açıq şəkildə partiyanın layihəsini dəstəkləmir.

Şeyx əl-Hicri bütün yerli qruplarla balanslı münasibətlər saxlayan bir fiqurdur və partiyanın muxtariyyət və federalizm ideyasına dəstək vermir. Onun əsas məqsədi Süveydanın daxili birliyini qorumaq və bölgəni hərbi qarşıdurmadan uzaq tutmaqdır.

4. "Suriya Liva Partiyası"nın Süveyda vilayətində gələcəyi

Partiya hərbi qanadı və siyasi liderliyi olsa da, hələlik Süveyda vilayətində ciddi sosial dayağa malik deyil.

Bunun əsas səbəbləri:

Siyasi liderlərinin (xüsusilə Malik Əbu Xeyrin) ölkə xaricində olması (Fransada yaşaması).

Güclü tayfa və sosial dəstək bazasının olmaması.

"Rical əl-Karama", " Cəbəl Hur " və digər yerli qüvvələrin onu ayrılma cəhdi kimi görməsi.

Hökumət və müxalifət qüvvələri arasında mövqeyinin zəif olması.

İranRusiya ilə yaxın olan yerli qüvvələrin ona qarşı çıxması.

İsrailin mümkün müdaxiləsinə zəmin yaratdığına dair qorxular.

Nəticədə, "Suriya Liva Partiyası" hərbi və siyasi baxımdan müəyyən səviyyədə təşkilatlanmış olsa da, yerli cəmiyyətdə və Süveydanın əsas qüvvələri arasında geniş qəbul edilməyib və bölgədə güclü təsir göstərməkdə çətinlik çəkir.

Digər Kateqoriyalar

2025 © Azervoice