BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
6 mart, cümə axşamı gecəsindən etibarən Suriyada hadisələr sürətlə inkişaf edir və ölkə misli görünməmiş təhlükə və çağırışlarla üzləşir. Ölkənin qərbində, Suriyanın sahil bölgəsində yerləşən bir neçə dövlət təhlükəsizlik mərkəzi silahlı hücumlara və pusqulara məruz qalıb. Yeni Suriya təhlükəsizlik patrullarını hədəf alan bu hücumlar, keçmiş Suriya rejiminin "qalıqları" tərəfindən həyata keçirilib. Nəticədə onlarla təhlükəsizlik və hərbi qüvvə əməkdaşı həlak olub.
Suriyadaki sabitliyi təxribatlar vasitəsi ilə pozmağa çalışırlar - Hakan Fidan
Hadisələr daha da şiddətlənib və Suriya dövləti böyük hərbi qüvvələr göndərərək Latakiya, Tartus, Cəbələ və Banyas da daxil olmaqla dörd sahil bölgəsinə gücləndirilmiş ordu birləşmələri yerləşdirib. Şiddətli toqquşmalar nəticəsində hər iki tərəfdən minlərlə insan həlak olub, eyni zamanda, hökumətə qarşı olan şəxslər və onların yaxınları da daxil olmaqla, çox sayda mülki vətəndaş həyatını itirib.
Suriyanın Aralıq dənizi boyunca 180 kilometr uzanan sahil bölgəsi ölkənin coğrafi və strateji baxımdan ən mühüm ərazilərindən biri sayılır. Bu bölgə eyni zamanda devrilmiş Suriya prezidenti Əsədin mənsub olduğu Ələvi məzhəbinin əsas qalası hesab olunur. 2011-ci ilin əvvəlindən etibarən, bu məzhəbin üzvlərinin böyük bir qismi hökumətin dəstəyilə silahlı qruplaşmalara cəlb edilib və Suriya inqilabının yatırılmasına kömək edib. Bunun nəticəsində, sahil bölgəsi 14 illik müharibə ərzində Suriyanın digər şəhərlərini viran qoyan münaqişələrdən nisbətən uzaq qalmışdı.
Hadisələr necə başladı?
Toqquşmalar Latakiyanın Bəyt Aana kəndində başlayıb. Naməlum silahlı şəxslər Suriya təhlükəsizlik xidmətinə bağlı yeni qurulan patrulları bir neçə cinayətkarı həbs etməsinə mane olub və təhlükəsizlik qüvvələrinə atəş açaraq, bir zabiti öldürüblər.
Bu kənd xüsusi əhəmiyyət daşıyır, çünki burası keçmişdə "Pələng" ləqəbi ilə tanınan və əvvəllər "25-ci diviziyanın" komandanı olmuş general Sühayl Həsənin doğma yeridir. Həsən, Suriyanın ən tanınmış hərbi komandirlərindən biri olub və insan haqları təşkilatları tərəfindən Dəməşq ətrafındakı Şərqi Quta və Humsda törədilmiş kütləvi qətliamlara görə ittiham edilir.
Bəyt Aana kəndinin girişində bir təhlükəsizlik əməkdaşının öldürülməsi Suriya hökumətini hərbi gücləndirmə göndərməyə vadar edib. Zirehli texnika və helikopterlər müşayiətində gələn böyük hərbi qüvvələr bölgəyə nəzarət etməyə çalışıb. Lakin eyni vaxtda, keçmiş rejim qalıqlarından ibarət olduğu güman edilən silahlı qruplar ardıcıl və koordinasiyalı hücumlara başlayıb. Onlar Latakiyada yerləşən dəniz komandanlığı qərargahını, eləcə də Tartus və Banyasda yerləşən bir neçə tibbi mərkəzi nəzarətə götürərək, onları mühasirəyə alıblar.
Sahədə vəziyyətin gərginləşməsi və toqquşmaların artması
Keçmiş rejim qalıqları ilə təhlükəsizlik qüvvələri arasında gərginlik artdıqca, Latakiyaya yaxın olan Cəbələ bölgəsinin kəndlərində də əsas yollar boyunca təhlükəsizlik qüvvələrinə qarşı eyni vaxtda hücumlar və pusqular təşkil edilib. Bu hücumlar nəticəsində 13 Suriya təhlükəsizlik qüvvələri əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb, bir sıra hərbi texnika isə yandırılıb və dağıdılıb.
Bu eskalasiya fonunda Suriya Müdafiə Nazirliyi İdlib, Hələb, Hama və Humsdakı bütün hərbi bölmələr və kazarmalar üçün tam döyüş hazırlığı əmri verib. Hərbi qüvvələr sahil bölgəsindəki döyüşlərə göndərilib, lakin bəzi bölmələr keçmiş rejim qalıqlarının təşkil etdiyi pusqulara düşərək insan və texnika itkisi verib, bəziləri isə marşrutlarını dəyişməyə məcbur olub. Bu vəziyyət Suriya Müdafiə Nazirliyini "Şahin" pilotsuz uçuş aparatlarını (PUA) döyüş meydanında istifadə edərək düşmən qüvvələrinin hərəkətlərini izləməyə və ordu qüvvələrinin irəliləməsini asanlaşdırmağa vadar edib.
Xalq arasında gərginlik və ümumi səfərbərlik
Sahil bölgəsində keçmiş rejim qalıqları ilə hökumət qüvvələri arasındakı toqquşmalar davam etdikcə və həlak olan Suriya hərbçilərinin cəsədləri onların doğma bölgələrinə çatdırıldıqca, hökumət tərəfdarları açıq şəkildə Suriya ordusuna və yeni təhlükəsizlik qüvvələrinə dəstək verməyə çağırmağa başlayıb. Onlar silahlanmağa və hökumət qüvvələrinə qoşulmağa çağıran bəyanatlar verib, bir çox Suriya vilayətində orduya dəstək aksiyaları keçirilib.
Buna cavab olaraq, Latakiya, Tartus və Cəbələdə yaşayan Ələvilər kütləvi nümayişlər təşkil edərək keçmiş rejim qalıqlarının hökumətə qarşı hərbi əməliyyatlarını dəstəkləyiblər. Bu nümayişlərdə məzhəbi şüarlar səsləndirilib, hökumətə qarşı silahlanmağa çağırışlar edilib və Suriya prezidenti Əhməd Şəraaya qarşı çıxışlar olub. Nəticədə, Suriya təhlükəsizlik qüvvələri fövqəladə vəziyyət elan edərək hərəkət məhdudiyyəti tətbiq edib.
Cümə axşamı axşam saatlarına qədər "qalıqların" hücumları Latakiya və Tartusun daxilində yerləşən təhlükəsizlik məntəqələrinə qədər yayılıb və Tartusda əlavə hökumət qüvvələri həlak olub. Hökumət ordusunun böyük hərbi dəstəklərlə qarşı hücuma keçməsi nəticəsində, cümə günü toqquşmalar daha da şiddətlənib. Nəticədə Latakiya, Tartus, Banyas və Cəbələ şəhərləri tamamilə hökumət qüvvələrinin nəzarətinə keçib və döyüşlər şəhərlərdən kəndlərə yayılıb.
Video görüntülər və kütləvi qətllər iddiaları
Cümə günü səhər saatlarında Latakiyanın kənd rayonlarında, xüsusilə Muxtariyyə kəndində və Qərdaha ətrafında şiddətli döyüşlər baş verib. Bu qarşıdurmalarda hər iki tərəfdən təxminən 230 nəfər ölüb. Bu zaman keçmiş rejim tərəfdarları sosial şəbəkələrdə hökumət qüvvələrinin mülki şəxsləri edam etdiyini iddia edən videolar yayımlayıb.
Suriya hökuməti isə bu iddiaları rədd edərək, həmin qətliamların döyüş meydanında hökumətə qarşı vuruşan Məqdad Fətihə adlı qruplaşmanın həyata keçirdiyini bildirib. Məqdad Fətihənin rəhbərlik etdiyi silahlı birləşmələrin hökumət qüvvələrinə qarşı savaşmaqdan imtina etməsi və müstəqil hərəkət etməsi səbəbilə onların hədəfə çevrildiyi qeyd olunub.
Talana qarşı əməliyyatlar və açıqlamalar
Cəbələ, Latakiya və Tartusda keçmiş rejim qüvvələrinin tamamilə çıxarılmasından sonra, bəzi naməlum silahlı şəxslər şəhərlərdə mülkləri qarət etməyə və dövlət obyektlərinə hücum etməyə başlayıb. Onlar özlərini "hökumət təhlükəsizlik qüvvələri" kimi təqdim edərək evləri və mağazaları talayıblar.
Buna cavab olaraq, Suriya təhlükəsizlik qüvvələri oğruları izləməyə başlayıb, talan edilmiş malları müsadirə edərək sosial şəbəkələr vasitəsilə sahiblərinin müəyyən olunmasını və əşyaların geri qaytarılmasını təşkil edib.
Hmeymim Rus Hərbi Bazasına Sığınma
Keçmiş rejim qalıqları ilə hökumət qüvvələri arasında döyüşlər şiddətləndikcə, minlərlə mülki şəxs Latakiyanın kənd bölgəsində yerləşən Hmeymim Rus hərbi bazasına sığınmağa məcbur olub. Onları sakitləşdirmək və təhlükəsiz şəkildə öz kəndlərinə qaytarmaq üçün Suriya hökuməti nümayəndələri, Cəbələ rayon administrasiyası və İctimai Təhlükəsizlik İdarəsi təmsilçilərindən ibarət bir heyət bu bazaya baş çəkib.
Mənbələrin məlumatına görə, təxminən 4000 nəfər "qalıqların üsyanına" qoşulmaq üçün hazırlanıb və onlara həm maddi, həm də hərbi dəstək verilib.
Bəzi aktivistlər isə Rusiya hərbi zabitlərinin bu hadisələrlə əlaqəli ola biləcəyini iddia ediblər. Onların sözlərinə görə, Hmeymim bazasında əvvəlki Suriya rejiminə bağlı olan təhlükəsizlik və hərbi komandirlər var və bu komandirlərin üsyanın planlaşdırılmasında müəyyən rolu olduğu ehtimal edilir. Sosial şəbəkələrdə yayımlanan səs yazılarında, keçmiş Suriya zabitlərinin Rusiya bazası ilə əlaqəsi olduğu iddia edilib.
"Qalıqları" Kim Dəstəkləyir?
Suriya hökuməti, üsyanın arxasında keçmiş rejimə bağlı bir sıra yüksək rütbəli hərbi şəxslərin dayandığını bildirib. Bunlar arasında:
- General Qiyas Dalla – Əsədin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi "Dördüncü Diviziya"nın komandirlərindən biri olub.
- General İbrahim Hüveycə – Suriya Hərbi Hava Kəşfiyyatının keçmiş rəhbərlərindən biri, əməliyyatlar zamanı həbs edilib.
- Yasir Həcl, Məhəmməd Məhrez və Məqdad Fətihə – üsyanın əsas təşkilatçılarından hesab olunur.
- "Suriyanı Azad Etmək üçün Hərbi Şura" – sahil bölgəsindən fəaliyyətə başlayaraq, dövlətə qarşı hərbi əməliyyatları idarə edən yeni struktur elan edilib.
Hökumətin məlumatına görə, bu şəxslər həm İran, həm də yerli qüvvələrdən maddi və lojistik dəstək alıblar.
Xüsusilə Qiyas Dalla, 14 illik müharibə ərzində İran və Hizbullahla sıx əlaqələrə malik olub və Dəməşq ətrafında "Qiyas Qüvvələri" adlı xüsusi bölməyə rəhbərlik edib. Bu qüvvələr, Hizbullahla birlikdə bir çox hərbi əməliyyatlara qatılıb.
Mənbələr bildirir ki, bu üsyan Suriya hökumətini zəiflətmək və hakimiyyətin sabitliyini pozmaq üçün əvvəlcədən planlaşdırılıb. Onların məqsədi, təkcə sahil bölgəsində deyil, şimal-şərqdə (QSD- PKK terror təşkilatının Suriya qolu nəzarətindəki ərazilərdə), cənubda (Dürzi icmasının yaşadığı ərazilərdə) və digər bölgələrdə üsyanları genişləndirməkdir.
Eyni Anda 4 Bölgədə Üsyan Başladı
Məlumatlara görə, keçmiş rejim qalıqlarının 7 mart cümə axşamı saat 17:00-da başlatdığı hücumlar təkcə Latakiya, Cəbələ, Banyas və Tartusda deyil, həmçinin Qərdaha və Dalya kəndlərində də eyni vaxtda həyata keçirilib.
Eyni zamanda, Fərat çayı boyunca yerləşən "Tişrin Su Anbarı" və Rəqqanın kəndlərində hərbi canlanma qeydə alınıb. Bu bölgəyə hərbi qüvvələr göndərilib, eyni vaxtda isə Türkiyənin pilotsuz uçuş aparatları (PUA) Hələb şəhərində QSD-nin nəzarətindəki Əşrəfiyyə məhəlləsinə hava hücumları təşkil edib.
Bəzi yüksək vəzifəli rəsmilər bildirir ki, bu hadisələr Suriyanın sahil bölgəsində baş verən üsyana bənzər bir ssenarinin digər bölgələrdə də həyata keçirildiyini göstərir.
Bununla yanaşı, Suriya-Livan sərhədində, Qusayr bölgəsində hökumət qüvvələri ilə Hizbullah silahlıları arasında toqquşmalar baş verib.
Cənubi Suriyadakı mənbələr isə bildirir ki, Dürzi lider Hikmət Hicrinin qohumlarından biri fevral ayında ABŞ rəsmiləri ilə görüş keçirib və hökumətə qarşı silahlı üsyan planını müzakirə edib.
Bu arada, ABŞ-ın Ət-Tənəf hərbi bazasında yerləşən "Azad Suriya Ordusu" silahlı qüvvələri sərhəd boyu böyük hərbi qüvvə yerləşdirib. Mənbələr bildirir ki, İraqdan gələn silahlı qrupların Suriyaya daxil olaraq Deyr əz-Zor bölgəsinə doğru irəliləməsi ehtimalı var.
Üsyana Aparan Siqnallar və Beynəlxalq Reaksiyalar
Son aylar ərzində sahil bölgəsində hökumətə qarşı silahlı qruplaşmaların yaradıldığına dair siqnallar var idi. Məsələn, üsyançı komandirlərdən biri olan Məqdad Fətihə sosial şəbəkələrdə videolar yayımlayaraq hökumət qüvvələrinə qarşı silahlı qruplar yaratmaq niyyətində olduğunu elan etmişdi.
Bundan əlavə, Suriyanı Azad Etmək üçün Hərbi Şuranın yaradılması və onun başında İranla əlaqəli Qiyas Dallanın dayanması bu üsyanın genişmiqyaslı planlaşdırıldığını göstərir.
Bənzər hadisələr Dəməşqin ətrafındakı Cərmana bölgəsində də baş verib. Burada hökumət qüvvələri nəzarəti bərpa etməyə çalışsa da, Dürzi icmasına bağlı silahlı qrupların müqaviməti nəticəsində bir neçə təhlükəsizlik əməkdaşı öldürülüb. İsrailin Baş naziri Benyamin Netanyahu isə Cənubi Suriyada yaşayan Dürzi icmasının təhlükəsizliyini qorumaq istədiyini bəyan edib.
Hikmət Hicri, sahil bölgəsində toqquşmalar baş verərkən, bir açıqlama yayaraq, "qeyri-qanuni hərbi əməliyyatların dayandırılmasını" və "günahsız mülki şəxslərin qorunmasını" tələb edib. O, cinayətkarların qanun çərçivəsində mühakimə olunmasının vacibliyini vurğulayıb.
Suriya Prezidenti Əhməd Şəraa Reaksiya Verib
Cümə günü axşam saatlarında Suriya Prezidenti Əhməd Şəraa ilk dəfə üsyan hadisələri barədə ictimaiyyətə açıqlama verib. O, keçmiş rejim qalıqlarına qarşı qətiyyətli mübarizə aparacağını və onları ədalət qarşısında cavab verməyə məcbur edəcəyini bildirib.
Beynəlxalq Reaksiya və Regional Gərginliklər
- Türkiyə və İran arasında diplomatik gərginlik artıb. Türkiyə XİN rəhbəri Hakan Fidan, İranı Suriyada "xaos yaratmaq" cəhdində ittiham edib.
- İranın "Arman Əmrüz" qəzeti yazıb ki, İran Yaxın Şərqdəki əsas strateji dayaqlarından birini itirə bilər.
- Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Qətər Suriya hökumətini dəstəklədiklərini bildirib və "xarici müdaxiləni" pisləyiblər.