Əsas səhifə » Suriyada Əsəd Töküntülərinin Üsyanı: İran və Hizbullahın Gizli Rolu

Suriyada Əsəd Töküntülərinin Üsyanı: İran və Hizbullahın Gizli Rolu

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriya təhlükəsizlik qüvvələri cümə günü ikinci gün ardıcıl olaraq Ələvilərin əsas məskəni olan ərazidə yeni başlayan üsyanı yatırtmaq üçün döyüşlər aparıb. Keçmiş prezident Bəşşar Əsədin mənsub olduğu bu icmada baş verən hadisə xarici qüvvələrin iştirakına dair suallar doğurur. Xüsusilə, İranHizbullahın bu prosesdə nə dərəcədə rol oynadığı müzakirə olunur.

Bu üsyanın arxasında İranın dayanması ehtimalını dəstəkləyən əsas məqamlardan biri Türkiyə xarici işlər naziri Hakan Fidanın bir neçə gün əvvəl verdiyi açıqlamalardır. O, İranın Suriyadakı roluna etiraz edib. Bu isə o deməkdir ki, Türkiyə kəşfiyyatı bu hərəkatın baş verəcəyindən əvvəlcədən xəbərdar olub.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupunun məlumatına görə, əməliyyat yüksək səviyyədə təşkil olunub. "Bu, arxasında hansısa qüvvənin dayandığını göstərir. Hizbullah silahların ötürülməsinə kömək etmiş ola bilər. Amma bu qruplara dəstək verən başqa tərəflər də var" – deyə bildirilir.

Suriyada baş verən bu hadisələrin İranın ölkədəki mövqeyini yenidən gücləndirmək istəyi ilə əlaqəli ola biləcəyi vurğulanır. Bu xüsusda, İranın Ali Rəhbəri Əli Xameneinin dekabr ayında verdiyi bəyanat diqqət çəkir. O, "Suriyada şərəfli və güclü bir qrupun meydana çıxacağını gözlədiyini" bildirib.

İranın Xarici İşlər naziri Abbas Araqçi də Suriyadakı vəziyyətə dair verdiyi açıqlamada "Qələbə qazandıqlarını düşünənlər sevinməkdə tələsməsinlər" sözlərini işlədib.

Bəzi İran mediası, xüsusilə İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli mətbuat orqanları, Suriya hökumət qüvvələrini "Cəbhət ən-Nusra"nın dəstəkçiləri kimi təqdim edir, Əsəd tərəfdarlarını isə "müqavimət qüvvələri" adlandırır. Bu isə İranın bölgədəki təsirini bərpa etməyə çalışdığını göstərir.

Müşahidəçilər qeyd edirlər ki, bu məsələ təkcə Əsəd tərəfdarları və yeni idarəçilər arasındakı qarşıdurma ilə məhdudlaşmır. Eyni zamanda, Türkiyə ilə İran arasında Suriyaya dair gizli geosiyasi mübarizənin bir hissəsidir. Ankara və Tehran uzun müddətdir bu münaqişəni açıq şəkildə göstərməməyə çalışırdı. İranın Əsəd rejimini dəstəkləməsi, Türkiyənin isə müxalifətə hərbi və logistik yardım göstərməsi iki ölkə arasında gizli gərginlik yaradıb.

Türkiyənin narahatlığının ilk işartıları XİN rəhbəri Hakan Fidanın son bəyanatlarında öz əksini tapıb. O, İranın xarici siyasətinin silahlı qruplaşmalara əsaslanmasını "təhlükəli" adlandırıb və bu siyasətin dəyişdirilməli olduğunu vurğulayıb.

Bundan əlavə, Fidan açıq şəkildə xəbərdarlıq edib: "Əgər üçüncü bir ölkədə vəziyyəti gərginləşdirməyə çalışırsansa, digər ölkələr də sənin ölkəndə bəzi qrupları dəstəkləyərək səni narahat edə bilər."

Son günlərdə Latakiya vilayətində təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Cümə axşamı axşam saatlarında Bəit Aana kəndində silahlı qarşıdurmalar baş verib. Yerlilərdən ibarət bir qrup silahlı qüvvələrin bir silah alverçisini həbs etməsinə mane olub. Həmçinin, Cəblə şəhərində Əsəd tərəfdarları təhlükəsizlik qüvvələrinin avtomobil karvanına hücum edib.

Keçmiş Suriya ordusunun polkovniki olan və Əsəd dönəmində "Pələng" ləqəbi ilə tanınan Suheil Həsənə bağlı silahlı qüvvələrin də bu qarşıdurmada iştirak etdiyi bildirilir. Həsən, Əsəd rejiminin əsas hərbi liderlərindən biri kimi tanınırdı və tərəfdarları arasında böyük nüfuza sahib idi.

Latakiya vilayətində baş verən son hadisələr yeni idarəetmənin bölgəyə güclü nəzarət etməyə çalışdığını göstərir. Lakin eyni zamanda, İran və Hizbullahın Suriyada yenidən təsir əldə etməyə çalışdığına dair şübhələri artırır.

Digər Kateqoriyalar

2025 © Azervoice