Əsas səhifə » İstanbuldakı zəlzələdən sonra afterşokların dayanacağı gözlənilir - AFAD

İstanbuldakı zəlzələdən sonra afterşokların dayanacağı gözlənilir - AFAD

BAKI, AzerVoice

İstanbulda baş verən zəlzələdən sonra son 16 saat ərzində afterşokların sayında azalma müşahidə olunub və onların bir neçə həftə ərzində tamamilə dayanacağı gözlənilir.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Fəlakət və Təcili Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi açıqlamada deyilir.

Açıqlamada bildirilib ki, əsas zəlzələdən sonra indiyədək 291 afterşok qeydə alınıb. Onlardan 283-ü 3,9 və daha aşağı bal gücündə olub, əksəriyyəti isə 3 baldan aşağı səviyyədədir. 4 və daha yüksək gücdə qeydə alınan afterşok sayı 8-dir.

AFAD bildirib ki, zəlzələ nəticəsində hər hansı can itkisi və ya ciddi struktur zədəsi müşahidə olunmayıb. Bu, son illərdə aparılan risk azaldıcı tədbirlərin nəticəsi kimi qiymətləndirilir.

AFAD ictimaiyyəti məlumatlandıraraq vəziyyəti nəzarətdə saxladığını bildirib.

Xatırladaq ki, ötən gün İstanbulun Silivri sahillərində 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu zələzlədən sonra yerli vaxtla saat 12:49-da eyni bölgədə 6,2 bal gücündə daha güclü bir zəlzələ baş verib.

Zəlzələ yalnız İstanbulda deyil, ətraf vilayətlərdə də hiss olunub.

Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib və 13 saniyə davam edib.

Zəlzələ bölgəsində təhlükəsizlik tədbirləri görülür, müvafiq qurumlar vəziyyəti izləməkdə davam edir.

Digər Kateqoriyalar

2025 © Azervoice