BAKI, AzerVoice
Çindən Türkiyəyə 7 min elektrikli avtomobil gətirilib.
AzerVoice xəbər verir ki, dünyanın ən
iri elektrikli avtomobil istehsalçılarından olan BYD şirkəti, “BYD
Changzhou” adlı yüksək texnologiyalı nəqliyyat vasitəsi daşıyan
gəmi ilə Çindən Türkiyəyə 7 min avtomobil göndərib.
Gəmi 39 günlük səfərdən sonra Kocaelidəki Safiport Derince limanına
çatıb və avtomobillərin limandakı görüntüləri havadan çəkilib.
Gəmi 25 fevralda Çinin Ninqbo limanından yola düşərək 5 aprel tarixində Türkiyəyə çatıb. Göndərilən avtomobillərin həm Türkiyə bazarı, həm də xarici bazarlar üçün nəzərdə tutulduğu bildirilib.
Belə ki, 7 iyul 2024-cü ildən qüvvəyə minən yeni qərara əsasən, Çindən idxal olunan avtomobillərə 40 faiz əlavə vergi tətbiqi Türkiyə avtomobil bazarında ciddi dəyişikliklərə səbəb olub. Bu vəziyyət Çin istehsalçılarının, o cümlədən BYD və Chery-nin istehsal güclərini Türkiyəyə köçürmək planlarını sürətləndirib.
Sənaye və Texnologiya Nazirliyi ilə imzalanan müqavilə çərçivəsində BYD-nin Türkiyədə 1 milyard dollar sərmayə ilə ildə 150 min avtomobil istehsal edəcək zavod quracağı, fabrikin isə 5 min nəfəri birbaşa işlə təmin edəcəyi açıqlanıb. İstehsalın 2026-cı ilin sonuna qədər başlaması planlaşdırılır.
BYD Türkiyə bazarında TANG, DOLPHIN, ATTO 3, SEAL U DM-i, SEAL U EV, HAN və SEAL AWD kimi modellərlə təmsil olunur. Aprel sonunda DOLPHIN “Comfort” versiyası, üçüncü rübdə isə SEALION 7 modeli satışa təqdim ediləcək.
Qeyd edək ki, 2022-ci ildən etibarən fosil yanacaqla işləyən avtomobillərin istehsalını tamamilə dayandıran BYD, indiyədək 10 milyon elektrik və hibrid avtomobil istehsal edib. Şirkət 2023-cü ildə dünya üzrə elektrik və plug-in hibrid satışında lider olub və 4 milyondan çox yeni nəsil avtomobil satışı həyata keçirib.