BAKI, AzerVoice
Türk Qızıl Aypara Cəmiyyəti (Türk Kızılay), Mərmərə dənizində, Silivri sahilləri yaxınlığında baş verən 6,2 bal gücündəki zəlzələdən sonra İstanbulda toplanma məntəqələrindəki vətəndaşlara genişmiqyaslı ərzaq yardımı təşkil edib.
AzerVoice xəbər verir ki, minlərlə könüllü və əməkdaşın iştirakı ilə 221-i mobil yemək maşını olmaqla ümumilikdə 347 paylama nöqtəsində İstanbullulara xidmət göstərilib.
Yardım əməliyyatı çərçivəsində şəhər üzrə 527 min isti şorba, 407 min ədəd qida məhsulu, 413 min isti və soyuq içki və 15 min 900 ədəd çörək paylanıb.
Qızıl Aypara, Türkiyə Fəlakətə Müdaxilə Planı (TAMP) çərçivəsində əsas məsuliyyət daşıdığı qidalanma xidmətini aidiyyəti tərəfdaş qurumlarla birgə həyata keçirib.
Ərzaq yardımlarına əlavə olaraq, 499 min ədəd içməli su və 1655 ədəd yorğan da ehtiyacı olan vətəndaşlara çatdırılıb.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub.