BAKI, AzerVoice
Yunan mütəxəssislər İstanbulda baş verən güclü zəlzələyə diqqət çəkiblər.
AzerVoice xəbər verir ki, İstanbulun
Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Yunanıstan
mətbuatında da ciddi narahatlıq doğurub.
Yunan ekspertlər Mərmərə dənizində yerləşən fay xəttinin təhlükəli
və İstanbula yaxın olduğunu vurğulayıblar.
Seisma OPEN mərkəzinin mütəxəssisləri bildiriblər ki, Mərmərə bölgəsində son 300 ildə böyük zəlzələlər qeydə alınmasa da, modellər yaxın 5-10 il ərzində dağıdıcı təkanların baş verə biləcəyini göstərir. Zəlzələnin mümkün nəticələrinin çox ağır ola biləcəyi qeyd olunub.
Seysmoloq Papazachos İstanbulun sıx əhalili metropol olduğunu və gələcəkdə baş verəcək zəlzələnin 7 bal gücünə çata biləcəyini deyib. "Bu fay üzərində 7 Rixter gücündə tipik zəlzələlər baş verir" – deyə o bildirib.
Qeyd edək ki, Yunanıstan Zəlzələdən Mühafizə Agentliyinin rəhbəri Efthimios Lekkas da məsələyə münasibət bildirib. O, İstanbul zəlzələsinin Yunanıstandakı tektonik strukturları aktivləşdirməsinin gözlənilmədiyini desə də, daha böyük maqnitudalar qeydə alınarsa, vəziyyətin yenidən dəyərləndiriləcəyini söyləyib.