Əsas səhifə » Tramp Türkiyəyə F-35 satışı məsələsini yenidən gündəmə gətirib

Tramp Türkiyəyə F-35 satışı məsələsini yenidən gündəmə gətirib

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın Türkiyənin yenidən F-35 proqramına daxil edilə biləcəyi ilə bağlı verdiyi siqnallar Yunanıstan və İsraildə narahatlıq yaradıb.

AzerVoice xəbər verir ki, Vaşinqtonun bu məsələdəki qeyri-müəyyən mövqeyi həm Afinada, həm də Təl-Əvivdə strateji planların pozulmasına səbəb olub.

Yunanıstanın nüfuzlu “Kathimerini” qəzeti bu gün dərc etdiyi məqalədə qeyd edib ki, Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşündən sonra F-35 təyyarələrinin Ankaraya satışı məsələsində yumşalma müşahidə olunur.

Qəzetdə qeyd olunub ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarını ləğv etmə ehtimalı barədə “qarışıq siqnallar” gəlməkdədir. “Kathimerini”yə görə, ABŞ artıq Egey dənizindəki vəziyyəti Yunanıstan üçün bir təhdid olaraq görmür və Türkiyənin F-35 proqramına geri qayıtmasını mümkün gələcək ssenarilər üçün açıq bir seçim kimi saxlayır.

Yunanıstan və ABŞ arasında keçirilən son görüşlərdə “NATO müttəfiqləri arasında tarazlıq” anlayışının ön plana çıxdığı vurğulanıb. Həmçinin, İsrail Baş naziri Benyamin Netanyahunun daha əvvəl Ağ Evdə keçirdiyi görüşlərə istinadən, ABŞ-ın Türkiyəyə silah satışını, o cümlədən F-35-ləri məhdudlaşdırmaq istiqamətindəki ümidlərin zəiflədiyi bildirilib.

Qəzet qeyd edir ki, Tramp və Ərdoğan arasında qurulmuş yaxın şəxsi münasibətlər bu prosesdə mühüm rol oynayır. Yunanıstan isə öz növbəsində F-35 təyyarələrinin alınması ilə bağlı Lockheed Martin şirkəti ilə danışıqları sürətləndirməyə hazırlaşır. Bu təyyarələrin Yunanıstan Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətində əhəmiyyətli dəyişikliklər yaradacağı gözlənilir.

ABŞ kanalının məlumatına görə, Tramp administrasiyası hazırda Türkiyəyə F-35 satışı məsələsini yenidən dəyərləndirir. Bu isə bölgədəki hərbi balans və siyasi münasibətlərə birbaşa təsir göstərir.

Digər Kateqoriyalar

2025 © Azervoice