Əsas səhifə » Zəlzələ səbəbilə İstanbulda təhsilə fasilə verilib

Zəlzələ səbəbilə İstanbulda təhsilə fasilə verilib

BAKI,AzerVoice

Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin İstanbulda baş verən zəlzələlərdən sonra şəhər üzrə bütün məktəblərin 24 və 25 aprel tarixlərində tətil ediləcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, qərarın əsas səbəbi, mümkün risklərə qarşı ehtiyat tədbiri kimi məktəblərin toplanma məntəqəsi olaraq istifadə edilə bilmə ehtimalıdır.

Nazir bildirib ki, aparılan ilkin yoxlamalarda yalnız iki məktəbin xarici suvağında çatlar aşkarlanıb və ciddi struktur zədələnməsi qeydə alınmayıb.

Lakin Türkiyə Daxili İşlər Nazirliyi ilə aparılan müzakirələr nəticəsində ehtiyatlı davranmaq qərarına gəlinib.

“Daxili İşlər naziri ilə danışığımızdan sonra, zəlzələdən sonra yarana biləcək hər hansı fövqəladə vəziyyət üçün məktəblərin təhlükəsiz toplanma məntəqəsi kimi istifadəsi məqsədilə sabah və sonrakı gün üçün tətil qərarı aldıq” – deyə Yusuf Tekin açıqlamasında bildirib.

Qeyd edək ki, bu qərar yalnız İstanbul şəhəri üzrə keçərlidir. Məktəblərin yenidən fəaliyyətə başlayacağı tarixlə bağlı əlavə açıqlama verilməsi gözlənilir.

Həmçinin qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice