Əsas səhifə » Bayraktar TB3 süni intellektlə tarix yazır

Bayraktar TB3 süni intellektlə tarix yazır

BAKI, AzerVoice

Bayraktar TB3 TCG Anadolu gəmisinə uğurla eniş edib.

AzerVoice xəbər verir ki, Bayraktar TB3 pilotsuz uçuş aparatı (PUA) “Qısa Uçuş Gəmisindən Tam Avtonom Kalkış və Eniş Testləri” çərçivəsində Saros körfəzində üzən TCG Anadolu gəmisinə 4 dəfə uğurla qalxaraq eniş edib.

Bu, dünya aviasiya tarixində qısa uçuş-enmə zolağına malik gəmidən havaya qalxan və enən ilk PUA olaraq mühüm mərhələ sayılır.

22 aprel 2025-ci ildə keçirilən sınaqlarda Bayraktar TB3 süni intellekt dəstəyi ilə tam avtonom şəkildə sorti uçuşlarını reallaşdırıb. Eniş zamanı heç bir mexaniki yardım sistemindən istifadə olunmadan testlər uğurla yekunlaşıb.

Qeyd edək ki, bu günə qədər Bayraktar TB3 ümumilikdə 1016 saat 42 dəqiqəlik uçuş həyata keçirib. 2023-cü ilin dekabrında 32 saat davam edən fasiləsiz uçuşla 5700 km məsafə qət edib.

Bayraktar TB3, 25 və 27 mart 2025-ci il tarixlərində keçirilən atış testlərində Roketsan istehsalı olan İHA-122 raketi ilə də dənizdəki hədəfləri dəqiqliklə vurub. Bu sınaqlarda Bayraktar TB2 ilə koordinasiyalı fəaliyyət göstərərək iki fərqli SİHA-nın birgə əməliyyat qabiliyyətini nümayiş etdirib.

2024-cü ilin iyununda keçirilən yüksək hündürlük testində isə TB3 36.310 fut hündürlüyə qalxaraq PD-170 mühərriki ilə uğurla sınaqdan çıxıb. Bununla da Bayraktar AKINCI-dan sonra ölkə daxilində rekord yüksəkliklərə çatan ikinci milli SİHA olub.

26 mart 2024-cü ildə TB3 ilk dəfə ASELSAN tərəfindən istehsal edilən ASELFLIR-500 elektro-optik sistemlə uçuş həyata keçirib və bu sistemin inteqrasiyası uğurla tamamlanıb.

Qatlana bilən qanadlara və uzunməsafəli rabitə imkanlarına sahib olan Bayraktar TB3, ixrac üçün strateji əhəmiyyət daşıyır. Kəşfiyyat, müşahidə və hücum imkanları ilə Türkiyənin müdafiə qabiliyyətinə çarpan təsir göstərməsi planlaşdırılır.

Baykar şirkəti 2023 və 2024-cü illərdə hər biri 1,8 milyard dollar dəyərində ixracat həyata keçirərək, gəlirlərinin 90 faizini ixracdan əldə edib. Baykar hazırda 36 ölkə ilə PUA ixrac müqaviləsi imzalayıb və dünyanın ən böyük İHA istehsalçısı kimi fəaliyyətini davam etdirir.

Digər Kateqoriyalar

2025 © Azervoice