Əsas səhifə » FETÖ üzvlərinə xaricdən pul axını ortaya çıxarılıb

FETÖ üzvlərinə xaricdən pul axını ortaya çıxarılıb

BAKI, AzerVoice

FETÖ-nün gizli ünsiyyət üsulu və xarici maliyyə dəstəyi ifşa olunub.

AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində keçirilən genişmiqyaslı əməliyyat zamanı FETÖ terror təşkilatına aid rəqəmsal materiallarda təşkilatın gizli rabitə üsulları və xaricdən maliyyə dəstəyi aldığına dair yeni faktlar üzə çıxıb.

Aparılan araşdırmalarda FETÖ-nün təşkilat daxilində motivasiyanı və bağlılığı gücləndirmək üçün “ailə qurma proqramları”ndan istifadə etdiyi, müsbət rəy alan şəxslərlə xüsusi görüşlər təşkil etdiyi məlum olub. Xaricdən toplanan vəsaitin isə məhkum edilmiş üzvlərin ailələrinə iyerarxik mövqelərinə uyğun şəkildə bölündüyü müəyyən edilib.

Təşkilatın rabitə üçün “Signal” tətbiqinin loqo və adını “hava proqnozu” kimi dəyişdirdiyi, parolla qorunan mesajları isə avtomatik silinən formatda göndərdiyi aşkarlanıb. Eyni zamanda, sosial təminat sistemindən sui-istifadə edərək qeyri-qanuni yollarla ölkədən çıxan şəxslərə maaş verilməsi və pensiya təminatının təşkil olunması ilə dövlətə ciddi maliyyə zərəri vurulduğu üzə çıxıb.

Qeyd edək ki, İstanbul, Ankara, Yozqat və Gümüşhanedə 49 ünvanda eyni vaxtda keçirilən əməliyyat nəticəsində 41 şübhəli müəyyən edilib və 36-sı yaxalanıb. Onlardan 20-si həbs edilib, 16 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Axtarışlar zamanı böyük miqdarda valyuta, qızıl və qadağan olunmuş materiallar aşkar edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice