BAKI, AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib.
AzerVoice xəbər verir ki, Hava limanında onu Türkiyənin Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu və Suriya Nəqliyyat naziri Yarub Süleyman Bədir qarşılayıblar.
Birgə mətbuat konfransında çıxış edən nazir Uraloğlu, Suriyaya iki günlük səfərinə və göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib. O, nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb və əlaqələrin sülhə töhfə verəcəyinə inandığını bildirib.
Suriya Nəqliyyat naziri Bədir isə Uraloğlunu “ikinci ölkənizə xoş gəlmisiniz” sözləri ilə qarşılayıb və səfərin ikitərəfli münasibətlərin dərinliyini əks etdirdiyini qeyd edib. Bədir Türkiyənin Suriyaya göstərdiyi dəstəyə görə təşəkkür edib və nəqliyyat sahəsində birgə əməkdaşlığın genişləndiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Suriya hökumətinin Rabitə və İnformasiya Texnologiyaları, eləcə də Nəqliyyat nazirliklərində ikitərəfli və heyətlərarası görüşlər keçirəcək.