Əsas səhifə » Türkiyədə sığorta şirkətlərindən rekord kapital artım

Türkiyədə sığorta şirkətlərindən rekord kapital artım

BAKI, AzerVoice

“Türkiyə Sığorta” və “Türkiyə Hayat Emeklilik” 2025-ci ilin ilk rübündə 8 milyard lirədən çox xalis mənfəət əldə edib.

AzerVoice xəbər verir ki, “Türkiyə Sığorta” və “Türkiyə Hayat Emeklilik” şirkətləri cari ilin birinci rübündə güclü maliyyə nəticələri əldə ediblər.

“Türkiyə Sığorta” 4 milyard 523 milyon lirə (47% artım), “Türkiyə Hayat Emeklilik” isə 3 milyard 508 milyon lirə (39% artım) xalis mənfəət qeydə alıb.

Şirkətlərin ümumi mükafat istehsalı da nəzərəçarpacaq dərəcədə artıb. “Türkiyə Sığorta” 41,4 milyard lirəlik istehsalla fərqlənib. Tibbi sığortada isə 149% artımla 6,6 milyard lirəlik rekord qeydə alınıb. Kənd təsərrüfatı və yanğın sahələrində də müvafiq olaraq 61% və 41% artım baş verib.

“Türkiyə Hayat Emeklilik” həyat sığortasında 134% artımla 6,8 milyard lirəlik göstəriciyə çatıb. Fərdi Pensiya Sistemi (BES) və Avtomatik İştirak Sistemi (OKS) üzrə fond həcmi isə 63% artaraq 314,1 milyard lirəyə yüksəlib.

Qeyd edək ki, şirkətlər əldə olunan qazancın bir hissəsini səhmdarlarla bölüşəcək. “Türkiyə Sığorta” 2 milyard lirə, “Türkiyə Hayat Emeklilik” isə 2,5 milyard lirə divident ödəyəcək. Həmçinin “Türkiyə Sığorta” 100% sərbəst kapital artımı ilə kapitalını 5 milyarddan 10 milyard lirəyə yüksəldəcək. Şirkətlər öz satış kanallarını və təkrar sığorta imkanlarını genişləndirərək, sektorda dayanıqlı böyümə və sığortaya inamın gücləndirilməsini hədəfləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice