Əsas səhifə » Türkiyənin neft axtarış fəaliyyəti xaricdə də genişlənir

Türkiyənin neft axtarış fəaliyyəti xaricdə də genişlənir

BAKI, AzerVoice

Türkiyə Neft Şirkəti (TPAO) ölkə daxilində olduğu kimi, xarici ölkələrdə də neft və qaz axtarış fəaliyyətlərini fəal şəkildə davam etdirir.

AzerVoice xəbər verir ki, bu barədə TPAO-nun AR-GE mərkəzinin sədri Muhammet Fatih Ayyıldız Bursa şəhərində keçirilən Uludağ Enerji Zirvəsində çıxışı zamanı məlumat verib.

Ayyıldız bildirib ki, TPAO hazırda Qabar bölgəsində və Sakarya Qaz Sahəsində aktiv şəkildə fəaliyyət göstərir.

Gündəlik istehsal həcminin Qabar bölgəsində 80 min barrel səviyyəsinə çatdığını vurğulayan Ayyıldız, Diyarbakır, Batman, Şırnak və Trakya bölgələrində də daimi olaraq axtarış və hasilat işlərinin aparıldığını qeyd edib.

Ayyıldızın sözlərinə görə, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın rəhbərliyi ilə imzalanan beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyə artıq Somalidə “Oruç Reis” sismik tədqiqat gəmisi ilə dərin dəniz araşdırmaları aparır. Həmçinin Somali ilə quruda axtarış işlərinin aparılması üçün də yeni müqavilə imzalanıb.

Bundan başqa, TPAO Pakistan ilə də enerji sahəsində əməkdaşlığa başlayır. Ayyıldız bildirib ki, Pakistanın üç yerli şirkəti ilə 40-dan artıq lisenziya üzrə birgə axtarış və hasilat fəaliyyətlərinə başlanılması üçün razılıq əldə olunub.

TPAO-nun növbəti hədəfləri sırasında Şimali Kipr Türk Respublikası və Liviya sahilləri də yer alır. Ayyıldız qeyd edib ki, enerji çatışmazlığının qarşısını almaq məqsədilə Türkiyənin xarici enerji diplomatiyası sürətlə genişlənir və bu sahədə yeni fəaliyyət nöqtələri yaradılır.

Digər Kateqoriyalar

2025 © Azervoice