BAKI, AzerVoice
Rəcəb Tayyib Ərdoğan bu gün diplomatik proqram çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun X sosial media hesabında paylaşım edib.
Altun bildirib ki, Ərdoğan bu gün Ankarada ardıcıl olaraq Avropa Şurasının Baş katibi Alain Berset, Avstraliyanın Baş general-qubernatoru Sam Mostyn və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Ankara bu cür beynəlxalq səviyyəli görüşlərlə həm regional, həm də qlobal diplomatik fəaliyyətlərin mühüm mərkəzinə çevrilməkdədir. Görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və qlobal gündəmin əsas məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Ərdoğanın Pakistan səfəri ilə bağlı əlavə məlumat olaraq bildirək ki, fevral ayında baş tutan rəsmi səfəri çərçivəsində Prezident Ərdoğan və Baş nazir Şahbaz Şərif arasında Pakistan–Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçirilib və 24 saziş imzalanıb.
Tərəflər ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq hədəfi qoyub. Səfər çərçivəsində Ərdoğan həmçinin Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailin siyasətini sərt tənqid edib, fələstinlilərin hüquqlarını müdafiə etdiklərini vurğulayıb.
Bu səfər Türkiyə ilə Pakistan arasında strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.