Əsas səhifə » Antalya dünyanın turizm zirvəsində yer alacaq - Nazir Ersoy

Antalya dünyanın turizm zirvəsində yer alacaq - Nazir Ersoy

BAKI, AzerVoice

Antalya 2025-ci ildə rekord turizm ili üçün hazırlaşır

AzerVoice xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən Antalya Hava Limanında görülən işləri yerində incələyib və qarşıdan gələn turizm mövsümünə dair açıqlamalar verib.

Nazir Ersoy bildirib ki, Antalya son illərdə tarixində ən yüksək turist sayına çatıb və bu artım tendensiyasını davam etdirmək üçün bu il əsas hədəf 18 milyon xarici ziyarətçini qarşılamaqdır. "Hər il yeni bir rekorda imza atan turizmin paytaxtı Antalyada 2025-ci ili də eyni uğurla başa vurmaq üçün hazırlıqlarımızı gücləndirmişik" - deyə, o qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Antalya Hava Limanı sadəcə nəqliyyat mərkəzi deyil, həm də Türkiyənin qlobal turizm vitrininin əsas elementlərindən biridir. “Müasir infrastrukturu və genişlənən tutumu ilə hava limanımız ziyarətçiləri ən yüksək səviyyədə qarşılamağa hazırdır. Turizmdəki davamlı uğurlarımız Türkiyəni dünya səhnəsində ön sıralarda saxlayacaq” – deyə o bildirib.

Qeyd edək ki, Antalya Hava Limanı son yeniləmələrlə ildə milyonlarla turisti qəbul etmə potensialını artırıb. Türkiyə turizmində əsas paya sahib olan şəhər, hər mövsüm daha da inkişaf edən infrastrukturu və xidmət keyfiyyəti ilə dünya səviyyəli destinasiya kimi mövqeyini gücləndirir.

Digər Kateqoriyalar

2025 © Azervoice