Əsas səhifə » TÜRKSAT 6A rabitədə tam təhlükəsizlik təmin edir- Uraloğlu

TÜRKSAT 6A rabitədə tam təhlükəsizlik təmin edir- Uraloğlu

BAKI, AzerVoice

TÜRKSAT 6A Türkiyəni 11 ölkə arasında seçilən peyk istehsalçısına çevirib.

AzerVoice xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A-nın istifadəyə verilməsi ilə ölkənin peyk istehsal edən 11 ölkə sırasına daxil olduğunu açıqlayıb.

Nazir bildirib ki, peyk rabitə, mülki və hərbi əlaqələrdə 100 faiz təhlükəsizlik təmin edəcək, televiziya yayım keyfiyyətini isə daha yüksək səviyyəyə qaldıracaq.

Nazir qeyd edib ki, TÜRKSAT 6A-nın inkişafı üçün ilk addımlar 2006-cı ildə atılıb və sonrakı peyklərin istehsalında türk mühəndislərinin iştirakı əsas şərt kimi irəli sürülüb. Layihə çərçivəsində TÜBİTAK UZAY, ASELSAN, TUSAŞ və CTECH birlikdə çalışaraq 2018-ci ildən faktiki istehsala başlayıblar.

Peyk TUSAŞ-ın Kahramankazan rayonundakı Milli Kosmik Sistemləri Test və İnteqrasiya Mərkəzində istehsal olunub, 2024-cü ilin iyulunda SpaceX-in Cape Canaveral bazasından orbitə göndərilib və ilk sınaq yayımları fevralın 17-də həyata keçirilib.

Nazir bildirib ki, peykin nəzərdə tutulan xidmət müddəti 15 ildir, lakin əvvəlki TÜRKSAT peyklərinin daha uzun müddət işlədiyini nəzərə alaraq bu müddətin artacağı gözlənilir: “TÜRKSAT 3A artıq 17 ildir fəaliyyət göstərir və ehtimal ki, 20 ilə çatacaq”.

Qeyd edək ki, bu gün TÜRKSAT 6A-nın rəsmi istifadəyə verilməsi mərasimi keçirilir və bununla da peykin tam gücü ilə istifadəsi başlanacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice