BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisinin (TBMM) 105-ci ildönümü münasibətilə 23 Apreldə xüsusi mərasimlər keçiriləcək.
AzerVoice xəbər verir ki, TBMM
açılışının 105-ci ildönümü münasibətilə 23 Aprel Milli Suverenlik
və Uşaq Bayramında silsilə tədbirlər keçiriləcək.
Bu münasibətlə TBMM Baş Məclisi xüsusi gündəmlə toplanacaq və Uşaq
Xüsusi Sessiyası təşkil ediləcək.
Rəsmi mərasimlər TBMM sədri Numan Kurtulmuşun Atatürk abidəsinə əklil qoyması, İstiqlal Marşının səsləndirilməsi və Anıtkabirə səfəri ilə başlayacaq. Ardınca Birinci TBMM binasında anma tədbiri keçiriləcək, 1920-ci ildə açılışda səsləndirilmiş tarixi nitq yenidən oxunacaq və Kurtulmuşun çıxışı dinləniləcək.
Aprelin 23-də saat 14:00-da Baş Məclis xüsusi gündəmlə toplanacaq. Toplantıda parlamentdə təmsil olunan siyasi partiyalar adından çıxışlar ediləcək. Eyni gün TBMM sədri Kurtulmuş Məclis rəhbərliyini simvolik olaraq uşaqlara təhvil verəcək. Uşaqlar tribunalardan gələcək arzularını və 23 Aprelin mənasını ifadə edəcəklər. Sessiya “TBMM Uşaq Xüsusi Sessiyasının Bəyannaməsi”nin oxunması ilə başa çatacaq.
Qeyd edək ki, aprelin 21-də TBMM sədri Kurtulmuş dünyanın müxtəlif ölkələrindən gəlmiş uşaqları qəbul edəcək. TBMM Mərasim Salonunda təşkil olunacaq “105-ci İl Qəbulu” tədbirində uşaqlar sülh və dostluq mesajları ilə çıxış edəcəklər.