BAKI, AzerVoice
Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək ABŞ-da beynəlxalq maliyyə dairələri ilə intensiv təmaslara başlayır
AzerVoice xəbər verir ki, Şimşek G20,
BVF və Dünya Bankının Bahar Toplantılarında iştirak etmək məqsədilə
ABŞ-a səfər edib.
Səfər çərçivəsində Şimşək investorlarla görüşlər keçirəcək,
beynəlxalq maliyyə qurumlarının rəhbərləri və siyasətçilərlə bir
sıra mühüm müzakirələr aparacaq.
Səfərin ilk mərhələsi bu gün Nyu-Yorkda start götürüb. Şimşək burada Türkiyə-ABŞ İş Şurası (TAİK) və Citi Group-un təşkil etdiyi investor toplantısında portfel investoru və real sektor təmsilçiləri ilə bir araya gələcək. O, həmçinin dünyanın aparıcı üç kredit reytinq agentliyinin rəhbərləri ilə fərdi görüşlər keçirəcək. Bu təmaslarda Mərkəzi Bankın sədri Fatih Karahanın da iştirak edəcəyi gözlənilir.
Nazirin səfərinin ikinci mərhələsi isə aprelin 22-də Vaşinqtonda davam edəcək. Şimşək burada ABŞ Ticarət Palatasının təşkil etdiyi zirvədə iştirak edəcək və Dünya Bankının keçmiş rəhbəri David Malpass ilə “Maliyyə Sisteminin Gələcəyi” mövzusunda panel müzakirəsinə qatılacaq.
Bundan başqa, o, Atlantic Council beyin mərkəzində alimlər, siyasətçilər və investorlarla fikir mübadiləsi aparacaq və ABŞ-ın maliyyə naziri Scott Bessent ilə ikitərəfli görüş keçirəcək.
Qeyd edək ki, Şimşək Vaşinqtonda G20 nazirlərinin toplantısında iştirak edəcək və Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüşəcək. Bu təmaslar Türkiyənin qlobal maliyyə sistemindəki mövqeyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.