BAKI, AzerVoice
Rəcəb Tayyib Ərdoğan, illərlə Bəşşar Əsəd rejimi, Rusiya və İranın bombardmanlarına məruz qalmış Türkmən Dağının (Bayırbucak) yenidən qurulması üçün Toplu Konut İdarəsi (TOKİ) və müvafiq nazirliklərə göstəriş verib.
AzerVoice xəbər verir ki, bu çərçivədə bölgədə ilkin tikinti işlərinin bu yay başlaması planlaşdırılır.
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ərdoğanın tapşırığı ilə məsələ ilə bağlı hərəkətə keçib və bölgəyə texniki araşdırma üçün komanda göndərib.
Bildirilir ki, layihə zəlzələ bölgələrində tikilmiş kənd evləri modelinə əsaslanaraq həyata keçiriləcək.
Bayırbucak Türkmənlərinin illərlə yaşadığı 54 kənd və qəsəbənin böyük hissəsi rejim və onun müttəfiqlərinin hücumları nəticəsində dağıdılıb. Yerli sakinlər bildirir ki, bölgənin elektrik, su, yol infrastrukturu tamamilə məhv edilib, meşələr yandırılıb, torpaqlar mina ilə örtülüb. Türkmən liderlər bu dağıntının arxasında bölgəni türklərdən təmizləmək məqsədinin dayandığını bildirirlər.
Türkmən Sultan Əbdülhəmid Tümeni Komandiri Ömər Abdullah açıqlamasında Ərdoğana və MHP lideri Devlet Bahçeliyə təşəkkür edib.
"Bu addım Türkiyənin Türkmən məsələsindəki həssaslığını bir daha sübut edir. Əgər evlər bərpa olunarsa, 40 minə yaxın türkmən doğma yurduna qayıda bilər" – deyə o bildirib.
Abdullah, bölgədə hərbi və təhlükəsizlik tədbirlərinin də gücləndirilməsinin vacibliyinə diqqət çəkərək, təxribat ehtimalının qarşısını almaq üçün güclü təhlükəsizlik zolağı yaradılmasının vacibliyini vurğulayıb.