BAKI, AzerVoice
Türkiyənin 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi almaq istəyi Avropanın iki güclü dövləti – İngiltərə və Almaniya arasında ciddi diplomatik gərginliyə yol açıb.
AzerVoice xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.
Məlumata görə, Almaniya kansleri Olaf Şolts hökumətinin bu satışa veto qoyması, İngiltərə Baş naziri Kir Starmer hökumətinin kəskin reaksiyasına səbəb olub.
Məlumata əsasən, İngiltərə uzun müddətdir bu satışla bağlı Türkiyəyə müsbət yanaşırdı və İngiltərə Müdafiə naziri Con Hilinin bu məqsədlə bir neçə gün öncə Ankaraya səfəri də satış üçün rəsmi addım sayılırdı. İngilis mətbuatında yayılan xəbərlərə görə, tərəflər 40 ədəd təyyarənin satışı barədə artıq razılığa gəliblər.
İngiltərə tərəfinə görə, Türkiyə həm NATO-nun mühüm müttəfiqi, həm də Avropa təhlükəsizliyi baxımından strateji tərəfdaşdır. Almaniya isə Türkiyəyə silah satışında ehtiyatlı yanaşır və bu da tərəflər arasında təkrarən fikir ayrılığına səbəb olub.
Qeyd edək ki, Almaniya hökumətinin səlahiyyət müddəti may ayının əvvəlində başa çatır. Onu Fridrix Mersin əvəzləyəcəyi gözlənilir və siyasi müşahidəçilərə görə, Mers hökuməti Türkiyəyə Eurofighter satışına müsbət yanaşa bilər.