BAKI, AzerVoice
Türkiyə və Əlcəzair strateji əməkdaşlığı genişləndirir.
AzerVoice xəbər verir ki, Türkiyənin
xarici işlər naziri Hakan Fidan sabah iki günlük rəsmi səfər
çərçivəsində Əlcəzairə yola düşəcək.
O, Əlcəzairli həmkarı Əhməd Attaf ilə birgə Türkiyə-Əlcəzair Ortaq
Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısına həmsədrlik edəcək.
Görüşdə enerji, müdafiə sənayesi və iqtisadi əməkdaşlıqla yanaşı,
Qəzza və Sahel bölgəsindəki vəziyyət də müzakirə olunacaq.
Səfər çərçivəsində nazir Fidanın Əlcəzair Prezidenti Əbdülmecid Tebbun tərəfindən qəbul olunması və Türkiyənin Oran şəhərindəki Baş Konsulluğunun rəsmi açılışının həyata keçirilməsi planlaşdırılır. Fidan həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) növbəti iclasına hazırlıqla bağlı danışıqlar aparacaq və müqavilə infrastrukturunun genişləndirilməsini müzakirə edəcək.
Qeyd edək ki, Əlcəzair Türkiyənin Afrikadakı ən önəmli ticarət tərəfdaşlarından biridir. Bu ölkədə 1400-ə yaxın türk şirkəti fəaliyyət göstərir, o cümlədən 60-ı podratçıdır. 2024-cü ildə ikitərəfli ticarət həcmi 6,42 milyard dollar təşkil edib. Türkiyə Əlcəzairlə enerji və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi, strateji tərəfdaşlığı isə daha da gücləndirməyi planlaşdırır.