BAKI, AzerVoice
ABŞ-da federal hakim Fələstinə dəstək ittihamı ilə ötən ay saxlanılan Tufts Universitetinin doktorantı Rümeysa Öztürkün Luiziana ştatından Vermonta köçürülməsinə qərar verib.
AzerVoice xəbər verir ki, ABŞ-da federal hakim William K. Sessions Öztürkün Luizianadan Vermonta köçürülməsi ilə bağlı vəkillərin təqdim etdiyi ərizədən sonra qərar verib.
"Öztürk həbsi və saxlanması ilə bağlı ciddi konstitusiya narahatlıqlarını ortaya atıb. Bu narahatlıqlar bu məhkəmə tərəfindən tam və ədalətli şəkildə nəzərə alınmalıdır". Sessions, mayın 9-na təyin edilmiş zaminə buraxılma iclasından əvvəl türk tələbənin mayın 1-dək Luizianadan Vermonta köçürülməsini əmr edib.
Öztürkün vəkilləri məhkəməyə ərizə təqdim edərək, onun sağlamlıq vəziyyətini əsas gətirərək, müvəkkillərinin aprelin 18-dək azadlığa buraxılmasını və ya Luizianadan Vermonta köçürülməsini istəyiblər.
Qeyd edək ki, Massaçusets ştatının Tafts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk martın 25-də axşam saatlarında dostları ilə iftara gedərkən ABŞ Daxili Təhlükəsizlik Departamentinin Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən saxlanılıb. İlk olaraq Luiziana ştatına aparılan Öztürk daha sonra məhkəmə prosesi üçün Vermont ştatına köçürülüb.
ABŞ senatoru Marko Rubio məsələ ilə bağlı açıqlamasında bildirib ki, İsrailə qarşı yönəlmiş fəaliyyətlərdə iştirak etdikləri və “Həmas tərəfdarları” olduqları iddia edilən 300-dən çox əcnəbi tələbənin vizası ləğv olunub. Rubio eyni zamanda Öztürkün də deportasiya ediləcəyini bildirib.
Bununla belə, ABŞ-da fəaliyyət göstərən hüquq müdafiəçiləri və tələbənin vəkilləri, Öztürkün hər hansı zorakılıq və ya qanun pozuntusu törətmədiyini və onun saxlanılmasının siyasi motivli olduğunu qeyd ediblər.
Hazırda Rümeysa Öztürkün deportasiya olunması ilə bağlı qərar federal hakim tərəfindən müvəqqəti olaraq dayandırılıb. Onun taleyi 14 aprel tarixində keçiriləcək növbəti məhkəmə iclasında daha da aydınlaşacaq.