BAKI, AzerVoice
Türkiyədə narkotik satıcılarına qarşı aparılan genişmiqyaslı “Narkokapan-Ankara Əməliyyatı” çərçivəsində daha 138 şübhəli şəxs həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Əməliyyat Türkiyə Daxili İşlər Nazirliyi və Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq əsasında həyata keçirilib.
Aprelin 17-də narkotik ticarəti ilə məşğul olduqları müəyyən edilən şəxslərə qarşı Ankara mərkəzli olmaqla 14 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib.
Saxlanılan şəxslərdən 143-ü ifadələri alındıqdan sonra Ankara Ədliyyəsinə gətirilib. Onlar istintaq prokuroruna verdikləri ifadələrin ardından növbətçi sülh cəza hakimliyinə çıxarılıb.
Məhkəmə 138 nəfərin həbsinə, 5 nəfərin isə məhkəmə nəzarəti şərtilə azadlığa buraxılmasına qərar verib.
Beləliklə, “Narkokapan-Ankara Əməliyyatı” çərçivəsində ümumilikdə 602 nəfər saxlanılıb.