BAKI, AzerVoice
Türkiyə Jandarma Komandanlığı və Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı uğurlu birgə əməliyyat həyata keçirib.
AzerVoice xəbər verir ki, əməliyyat nəticəsində təşkilatın silahlı qanadında fəaliyyət göstərən PKK üzvü könüllü şəkildə təslim olub.
Məlumata görə, həmin şəxs Türkiyədən PKK-ya qoşularaq Suriyaya göndərilib və illər boyunca təşkilatın müxtəlif sahələrində fəaliyyət göstərib.
O, ağır silahlarla bağlı xüsusi təlimlər alıb və müxtəlif bölgələrdə silahlı fəaliyyətlərlə məşğul olub.
Təhlükəsizlik mənbələri terrorçunun, Suriyada əməliyyat aparan Türk Silahlı Qüvvələrinə qarşı havadan hücumlar həyata keçirmək məqsədilə kamikadze dronlardan istifadə etdiyini də müəyyən edib.
Əməliyyat nəticəsində terrorçunun təslim olması, təşkilat daxilindəki dağılma prosesinin və ideoloji boşluğun dərinləşdiyini göstərən mühüm əlamətlərdən biri kimi qiymətləndirilir.
Təhlükəsizlik qüvvələrinin bölgədə bu cür hədəfli əməliyyatlarının davam edəcəyi bildirilib.