BAKI, AzerVoice
Fələstini müdafiə etmək — insanlığı müdafiə etməkdir.
AzerVoice xəbər verir ki, İstanbulda keçirilən Fələstinə Dəstək Parlament Qrupu toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin məsələsinin təkcə siyasi yox, həm də vicdan və insanlıq məsələsi olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, bu görüşdə məqsəd yalnız bir şəhəri və
əhalisini deyil, ədaləti, sülhü və müqaviməti də müdafiə
etməkdir.
“Fələstin davası yalnız bir xalqın deyil, insanlığın şərəf və
ləyaqət mübarizəsidir,” – deyə Prezident vurğulayıb.
O, 7 oktyabr 2023-cü ildən bu yana İsrailin Qəzzada törətdiyi hadisələrə diqqət çəkərək, uşaq, qadın və mülki əhaliyə qarşı törədilənləri “tam dəlilik vəziyyəti” adlandırıb. Prezident əlavə edib ki, bu müddətdə 212 jurnalistin qətlə yetirilməsi beynəlxalq medianın və vicdanın susqunluğunu göz önünə sərir.
Qeyd edək ki, Prezident Ərdoğan çıxışında beynəlxalq ictimaiyyəti bu vəhşiliklərə qarşı konkret addımlar atmağa çağırıb və Türkiyənin Fələstinlə həmrəyliyinin davamlı olacağını bildirib.