Əsas səhifə » Türkiyədə miqrantlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

Türkiyədə miqrantlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə qeyri-qanuni miqrantlara qarşı keçirilən əməliyyatda 29 miqrant qaçaqçısı və 723 qeyri-qanuni miqrant saxlanılıb

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya miqrant qaçaqçılığı və qeyri-qanuni miqrasiyaya qarşı ölkə üzrə həyata keçirilən genişmiqyaslı yoxlamalar nəticəsində 29 qaçaqçının və 723 qeyri-qanuni miqrantın tutulduğunu açıqlayıb.

Nazir sosial media üzərindən verdiyi açıqlamada qeyd edib ki, 388 min 809 şəxsin şəxsiyyət yoxlaması aparılıb. Saxlanılanlar arasında 9 nəfər xarici ölkə vətəndaşı olan miqrant qaçaq təşkilatçıları da yer alıb.

Yerlikaya bildirib ki, miqrasiya məsələsi təkcə hüquq-mühafizə tədbirləri ilə deyil, həm də insan hüquqları və beynəlxalq dəyərlər çərçivəsində idarə olunur.

Nazir qeyd edib ki, daimi və qeyri-qanuni miqrasiya, könüllü və təhlükəsiz geri dönüş, qaçaqmalçılıqla mübarizə və sərhəd təhlükəsizliyi kimi sahələrdə Türkiyə dünyaya nümunə olacaq bir idarəçilik modeli təqdim edir.

“18 min 650 məntəqədə yoxlamalar aparılıb, 26 min 621 personal və 8 min 524 qrup əməliyyatlara cəlb olunub. Bütün proses Miqrasiya İdarəsi Müdirliyinin koordinasiyası ilə həyata keçirilib,” – deyə Yerlikaya vurğulayıb.

O, bu əməliyyatlarda iştirak edən qubernatorları, təhlükəsizlik və jandarma qüvvələrini, sahil mühafizə və miqrasiya xidmətinin əməkdaşlarını təbrik edib.

Qeyd edək ki, Türkiyə son illərdə qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görməklə yanaşı, regionda humanitar və hüquqi çərçivədə miqrasiya idarəçiliyini gücləndirmək üçün beynəlxalq səviyyədə əməkdaşlıqları da artırmaqdadır.

Digər Kateqoriyalar

2025 © Azervoice