BAKI, AzerVoice
Türkiyədə uşaq sayı 21,8 milyon nəfərlə ümumi əhalinin 25,5 faizini təşkil edir.
AzerVoice xəbər verir ki, Türkiyə
Statistika Təşkilatı (TÜİK) 2024-cü il üzrə uşaq əhalisinə dair
rəsmi məlumatları açıqlayıb.
Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrinə əsasən,
ölkənin ümumi əhalisi 85 milyon 664 min 944 nəfər olub, bunun 21
milyon 817 min 61 nəfəri uşaqlardır.
TÜİK-in məlumatında bildirilir ki, uşaq sayının 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edir. Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi 0-17 yaş kateqoriyasına daxil edilən bu əhali qrupu, 1970-ci ildə ümumi əhalinin 48,5 faizini təşkil edirdisə, 2024-cü ildə bu göstərici 25,5 faizə enib.
Əhalinin yaş strukturu üzrə proqnozlara əsasən, uşaq əhalisinin payının yaxın onilliklərdə daha da azalacağı gözlənilir. 2030-cu ildə bu göstəricinin 22,1 faiz, 2040-da 17,9 faiz, 2080-ci ildə isə cəmi 15,2 faiz olacağı proqnozlaşdırılır.
Avropa Birliyinin 2024-cü il göstəricilərinə əsasən, ortalama uşaq əhalisi 17,8 faiz olub. Bu baxımdan Türkiyə 25,5 faizlə AB ölkələrinin ortalamasından xeyli yuxarıda yerləşir.
Ən yüksək uşaq əhalisi olan AB ölkəsi 23 faizlə İrlandiya, ardından 20,8 faizlə Fransa və 20,6 faizlə İsveç gəlir. Ən aşağı göstəricilər isə Malta (14,7%), İtaliya (15,1%) və Portuqaliyada (15,7%) qeydə alınıb.
Qeyd edək ki, Türkiyədə uşaq əhalisinin payındakı azalma demoqrafik dəyişikliklər və doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Mütəxəssislər bu tendensiyanın ölkənin sosial və iqtisadi gələcəyinə təsir edəcəyini bildirirlər.