BAKI,AzerVoice
ABŞ-da Fələstinə dəstək verdiyi üçün ölkədən deportasiya olunmaq istənilən tələbə Rümeysa Öztürkün məhkəmə prosesi davam edir.
AzerVoice xəbər verir ki, bu dəfə Luiyana ştatında, Öztürkün tələbə vizasının ləğvinə qarşı açdığı iddia üzrə məhkəmə iclası keçiriləcək.
Luiyanadakı miqrasiya məhkəməsi, onun viza ləğvi ilə bağlı etirazını nəzərdən keçirəcək.
ABŞ Dövlət və Daxili Təhlükəsizlik nazirlikləri, Öztürkün universitet aksiyalarında iştirak etdiyinə və ya yəhudi əleyhinə tədbirlərdə olduğu barədə heç bir sübut təqdim etməyiblər.
ABŞ Konstitusiyasının Birinci Əlavəsi ifadə azadlığını qoruyur. Bu səbəbdən, yalnız Fələstinə dəstək verən bir bəyanatı imzaladığı üçün Öztürkün vizasının ləğv edilməsi qanunlara zidd hesab olunur və hüquqşünaslar da bu fikri dəstəkləyir.
Massaçusets ştatındakı Tufts Universitetində doktoranturada oxuyan türk tələbə Rümeysa Öztürk, 25 mart axşamı dostları ilə iftara gedərkən, maskalı 6 ICE (Miqrasiya və Gömrük Mühafizəsi Xidməti) əməkdaşı tərəfindən saxlanılıb.
ABŞ Dövlət katibi Marko Rubio, Öztürkün tələbə vizasının ləğv edildiyini və ölkədən deportasiya ediləcəyini açıqlayıb.
ABŞ-da federal hakim, ICE əməkdaşları tərəfindən saxlanılan türk tələbə Öztürkün deportasiya olunmasına dayandırma qərarı vermişdi.