Əsas səhifə » İstanbul Hava Limanı qabaqcıl sistemə keçid edib

İstanbul Hava Limanı qabaqcıl sistemə keçid edib

BAKI, AzerVoice

İstanbul Hava Limanı eyni anda üç təyyarənin müstəqil şəkildə enə və ya qalxmasına imkan verən yeni əməliyyata başlayır.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu İstanbul Hava Limanında bu gündən etibarən "üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı"nın başladığını açıqlayıb.

Bu sistem sayəsində eyni vaxtda üç təyyarə ayrı-ayrı zolaqlardan müstəqil şəkildə enə və ya qalxa biləcək.

Nazir Uraloğlu bu əməliyyatı hava nəqliyyatı tarixində əlamətdar addım adlandırıb və bildirib ki, bu addımla İstanbul Hava Limanında hava trafikinin idarə olunması daha səmərəli və sürətli həyata keçiriləcək.

Qeyd edək ki, ABŞ-dan sonra bu sistemi tətbiq edən ilk hava limanı Avropada İstanbul olacaq. Yeni sistem sayəsində İstanbul Hava Limanının dinamik tutumu artacaq və uçuş axını daha çevik şəkildə idarə olunacaq.

Hazırlıq işlərinə 2022-ci ilin sonlarında başlanılıb və 2023–2024-cü illərdə EUROCONTROL, Dövlət Hava Limanları İdarəsi, THY və Mülki Aviasiya Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik analizləri, simulyasiyalar və texniki təlimlər aparılıb. Təhlükəsizlik hesabatlarına əsaslanaraq hava məkanı yenidən dizayn edilib, idarəetmə sistemləri uyğunlaşdırılıb və aviaşirkətlər məlumatlandırılıb.

Nazir bildirib ki, sistem qabaqcıl radarlar, dəqiq naviqasiya vasitələri və avtomatik idarəetmə strukturları ilə təchiz olunub. Bu texnologiyalar uçuş marşrutlarının optimallaşdırılması, yerüstü nəqliyyatın fasiləsiz idarəsi və təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice