BAKI, AzerVoice
Türkiyə, miqrasiya idarəçiliyində əldə etdiyi uğurlarla dünya üçün nümunə göstərilir.
AzerVoice xəbər verir ki, Türkiyənin
Daxili İşlər Naziri Ali Yerlikaya Miqrasiya İdarəsi Müdirliyinin
12-ci ildönümündə ölkənin miqrasiya siyasəti ilə bağlı mühüm
açıqlamalar verib.
Nazir bildirib ki, Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizə və
nizamlı miqrasiya idarəçiliyi sahəsində dünya üçün nümunə bir
ölkəyə çevrilib. Onun sözlərinə görə, 2025-ci ildə deportasiya
göstəricisi 71 faizə çataraq bütün zamanların ən yüksək səviyyəsinə
yüksəlib.
Ali Yerlikaya qeyd edib ki, miqrasiyanı yalnız təhlükəsizlik problemi kimi deyil, həm də humanitar və sosioloji aspektləri olan çoxşaxəli bir fenomen kimi qiymətləndirirlər. Bu səbəbdən, Türkiyə nizamlı miqrasiya siyasətini insan ləyaqətini əsas tutaraq həyata keçirir. Nazir, qanuni yollarla ölkəyə gələn əcnəbilərin cəlb olunması və onların ölkədə qanuni yollarla qalmasının vacibliyini vurğulayıb.
O bildirib ki, son illərdə tətbiq edilən mobil miqrasiya vasitələri, könüllü qayıdış proqramları və inteqrasiya olunmuş sərhəd idarəçiliyi sahəsində görülən işlər beynəlxalq səviyyədə maraq doğurur. Nazir həmçinin xəbərdarlıq edib ki, qeyri-qanuni miqrasiyanın idarə olunmaması ksenofobiya və irqçi tendensiyaların artmasına səbəb ola bilər.
Qeyd edək ki, Türkiyə Miqrasiya İdarəsi bu gün 81 vilayətdə güclü təşkilatlanmış şəkildə fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələri tərəfindən yaxından izlənilən təcrübələr ortaya qoyur.