Əsas səhifə » Kriptovalyuta əməliyyatlarına nəzarət güclənir - Şimşek

Kriptovalyuta əməliyyatlarına nəzarət güclənir - Şimşek

BAKI, AzerVoice

Kriptovalyuta qurumları maliyyə sistemində məsuliyyət daşımalıdır

AzerVoice xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) tərəfindən kripto varlıq xidmət təminatçıları və ödəniş qurumları üçün təqdim edilən yeni qaydalarla bağlı ciddi xəbərdarlıq edib. Nazir bildirib ki, “maliyyə sistemimizdən sui-istifadə etmək istəyənlərə fürsət verilməyəcək”.

Şimşək, 2024-cü il dekabrın 25-də rəsmi qəzetdə dərc edilən qaydalara əsasən, MASAK-ın sərt nəzarət rejiminin tətbiq olunduğunu, bu çərçivədə kripto qurumlarının uyğunluq proqramları hazırlamalı, müvafiq məsul şəxsləri təyin etməli, müştəri identifikasiyası və risk idarəetməsi sistemlərini qurmalı olduqlarını bildirib.

Yeni qaydalar çərçivəsində kripto aktiv transferlərinə yalnız bank vasitəsilə ilk əməliyyatın həyata keçirildiyi halda icazə veriləcək. Əks halda, beynəlxalq “səyahət qaydası”na əsasən transfer qadağan ediləcək.

Nazir eyni zamanda sabit kriptovalyutaların da çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində istifadəsinə görə diqqətlə izlənildiyini və bu sahədə əlavə tənzimləmələrin MASAK tərəfindən ediləcəyini bildirib.

Ödəniş qurumları üçün də yeni məhdudiyyətlərin tətbiq olunduğunu qeyd edən Şimşək, onların POS cihazları və fiziki əməliyyatlar vasitəsilə müştəri qəbul etmələrinin məhdudlaşdırıldığını və bütün əməliyyatların yaxından izlənəcəyini bildirib.

Qeyd edək ki, bu islahatlar Türkiyənin maliyyə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və qeyri-qanuni fəaliyyətlərə qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice