Əsas səhifə » Türkiyəyə xarici sərmayə axını güclənə bilər - OECD

Türkiyəyə xarici sərmayə axını güclənə bilər - OECD

BAKI, AzerVoice

Türkiyəyə investor inamı davamlı iqtisadi siyasətlə daha da güclənə bilər

AzerVoice xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Türkiyə üzrə iqtisadçısı Sebastien Turban, ölkənin tətbiq etdiyi sərt makroiqtisadi siyasətlərin beynəlxalq investorlar arasında inamı artırdığını və bu siyasətin davam etdirilməsinin investisiya axınını daha da möhkəmləndirəcəyini bildirib.

OECD-nin ötən həftə açıqladığı “Türkiyə İcmal Hesabatı”na görə, 2023-cü ilin ortalarından sonra həyata keçirilən islahatlar nəticəsində cari əməliyyatlar balansında müsbət dinamika müşahidə olunur, inflyasiya isə azalma tendensiyasını davam etdirir. Turban vurğulayıb ki, Türkiyə Mərkəzi Bankı inflyasiya nəzarət altına alınana qədər sərt pul siyasətini davam etdirməkdə qərarlıdır.

OECD-nin hesabatında Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, 2026-cı ildə isə 3,9 faiz artacağı, inflyasiyanın isə 2024-cü ilin sonunda 31,4 faiz, 2026-cı ildə isə 17,3 faizə düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hesabatda Türkiyənin iqtisadi yüksəlişinin davamı üçün struktur islahatlarına ehtiyac olduğu, fiskal intizamın gücləndirilməsi, vergi bazasının genişləndirilməsi və sərfəli xərcləmə modellərinin tətbiqinin vacib olduğu bildirilib. OECD məlumatına əsasən, Türkiyə son 10 ildə OECD ölkələri arasında ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olub.

Digər Kateqoriyalar

2025 © Azervoice