BAKI, AzerVoice
Türkiyə ticarət müharibəsində logistik şəbəkə ixracatçılarına dəstək verəcək.
AzerVoice xəbər verir ki, Türkiyənin Ticarət naziri Ömər Bolat ABŞ və Çin arasındakı ticarət gərginliyinin yaratdığı fürsətlərdən maksimum yararlanmaq məqsədilə ölkəsinin yeni təşəbbüslərlə ixracatı gücləndirməyə çalışdığını bildirib.
Nazir Bolat qeyd edib ki, ABŞ və Avropadakı türk KOBİ-lərinin (kiçik və orta biznes) ortaq şəkildə istifadə edə biləcəyi Xarici Logistika Paylama Şəbəkələri (YLDA) istifadəyə verilib. Bu şəbəkələr Türkiyə məhsullarının ABŞ bazarına daha tez və aşağı xərclərlə çatdırılmasına imkan yaradır.
Hazırda Çikaqo və Nyu-Cersidə fəaliyyət göstərən iki əsas və 19 cib anbarı sayəsində türk ixracatçıları məhsullarını ABŞ-a 24 saatdan az müddətdə çatdırmaq imkanı əldə edir. Nazir vurğulayıb ki, bu sistem əlavə gömrük rüsumlarının mənfi təsirlərini minimuma endirməkdə və xüsusilə KOBİ-lərin rəqabət qabiliyyətini artırmaqda mühüm rol oynayacaq.
Ömər Bolat əlavə edib ki, YLDA-ların əsas məqsədi xərc üstünlükləridir. “Xərclərin ən azı 20 faiz azaldılması artıq müşahidə olunub və bu da bütün ixracatçılar üçün ABŞ bazarında əlavə üstünlüklər yaradır” - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın bəzi ölkələrə tətbiq etdiyi əlavə gömrük rüsumları Türkiyəyə də müəyyən qədər təsir etsə də, rəqib ölkələrlə müqayisədə bu nisbət daha aşağıdır. Bu da Türkiyənin rəqabət qabiliyyətini artıraraq, yeni bazarlarda üstün mövqe tutmasına şərait yaradır.