Əsas səhifə » Bu il sosial media üçün hüquqi tənzimləmələr ediləcək - Uraloğlu

Bu il sosial media üçün hüquqi tənzimləmələr ediləcək - Uraloğlu

BAKI, AzerVoice

Türkiyədə sosial mediaya yaş məhdudiyyəti tətbiq ediləcək.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu sosial media platformalarında yaş məhdudiyyəti ilə bağlı hüquqi tənzimləmələrin bu il ərzində həyata keçiriləcəyini bildirib.

O, tənzimləmələrin tətbiqi ilə bağlı sosial media nümayəndələri ilə məsləhətləşmələrin davam etdiyini və qərarların praktikada həyata keçməsi üçün icra mexanizmlərinin nəzərdən keçirildiyini vurğulayıb.

Nazir qeyd edib ki, Meta platformasında 16 yaşdan kiçik istifadəçilərin valideyn icazəsi olmadan bəzi funksiyalardan istifadəsinə qoyulan məhdudiyyətlər nümunə kimi götürülür. Bu baxımdan Türkiyədə 8 aparıcı sosial media platformasının idarəçiləri ilə fikir mübadiləsi aparılır.

Uraloğlu həmçinin ölkədə girişinə məhdudiyyət qoyulan onlayn oyun platforması Roblox ilə bağlı danışıqların davam etdiyini açıqlayıb. “Hüquqi proses nəticəsində bu platformalara giriş bağlanıb. Məzmunların silinməsi və redaktəsi istiqamətində addımlar atılıb, yekunlaşdıqdan sonra yenidən fəaliyyətə başlamaları üçün tələblər irəli sürəcəyik,” – deyə nazir bildirib.

Qeyd edək ki, sosial mediaya yaş məhdudiyyətlərinin tətbiqi Türkiyədə gənclərin rəqəmsal təhlükəsizliyini artırmaq və platformaların məsuliyyətini gücləndirmək məqsədi daşıyır. Tənzimləmələrin ilin sonuna qədər tamamlanması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice